İsveçrə Elm Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” adlı layihə çərçivəsində Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti, AMEA Geologiya İnstitutu və Azərbaycan Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən mühüm işlər görülür. Bu barədə Lent. az-a AMEA-dan məlumat verilib.
Tikililərdə, xüsusən də yaşayış binalarında radonun ziyanını minimuma endirmək məqsədilə ölkənin bəzi yerlərində, o cümlədən Şamaxıda radon qazının miqdarına nəzarət etməyə ehtiyac var.
İsveçrədən gətirilmiş “Radon Scout Plus” adlı elmi tədqiqat avadanlığı ilə bir neçə saata radonun qatılığı təyin edilərək qazın normadan artıq aşkar olunduğu evlərdə ventilyasiya, hava çəkən boru və bu kimi digər təmizləmə qurğuları quraşdırılacaq.
Qeyd edək ki, radon qazı normadan çox olduqda uzun illər ərzində ağ ciyər xərçəngi törədə bilir və bu, xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yerdədir.