Bakı Ağır Cinayətlər Məhkəməsində himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək, xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib.
Zərərçəkən Ş. F təqsirləndirilən Günay Novruzovanı iş yoldaşı vasitəsilə tanıdığını deyib:
"Bu qadını iş yoldaşım Elnarə sayəsində tanıdım. Deyirdi ki, güclü əməl edəndir, nəfəsi qüvvətlidir, bütün müşküllərinə çarə tapacaq. Mənim də ailəvi problemlərim var idi, düşündüm ki, dərdimə əlac edəcək. Görüşüb danışdıq, məndən əlhaqqı üçün 600 manat pul istədi. Sonra hər dəfə məndən qızıl istəyirdi. Məni elə təsirinə salmışdı ki, evimin pulunu, uşaqlarımın adına olan qızılları gətirib öz əlimlə bu qadına verirdim. Evimin 15-16 min manatlıq qızılını vermişəm Günaya. Deyirdi ki, qızın özünü binadan atacaq, oğlunun nişanı qaytarılacaq. Dua yazıb əməl edəcəm, bunların heç biri baş verməyəcək. Hər onun evinə gələndə uşağın simasında cızıqlar, yaralar, xəttlər görürdüm. Uşaqdan soruşanda deyirdi ki, pişik cırmaqlayıb. Günayın kreslosunun yanında mütəmmadi olaraq bir əl ağacı olurdu. Maraqlanıb soruşdum ki, bu nədir? Cavab verdi ki, pişikləri vururam".
Növbəti proses 4 noyabr saat 10:00-a təyin olunub.
Xatırladaq ki, 2019-cu ildə Ü. M-un atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovanı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra Ü. M-un xalası Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Ü. M və onun qardaşına qəyyum təyin edilməsini xahiş edib.
2025-ci ilin sentyabrın 1-də Ü. M-un məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətirib. Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən Günay Novruzova barəsində Cinayət Məcəllləsinin 133.2.4-cü (Əzabvermə - təqsirkar şəxs üçün aşkar xəstə, köməksiz və ya psixi pozuntu vəziyyətində olan, yaxud maddi, xidməti və ya başqa cəhətdən təqsirkar şəxsdən asılı olan şəxsə qarşı törədildikdə) 133.2.6-cı (xüsusi amansızlıqla, işgəncə verməklə törədildikdə) və 178.3.2-ci (dələduzluq - külli miqdarda zərər vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.