Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Cəlilabad rayonunun Adnalı kəndində ev quşları arasında yoluxucu xəstəliyin yayılması, hətta, bəzi təsərrüfatlarda quşların kütləvi şəkildə tələf olması barədə yayılan məlumatlara münasibət bildirib.
DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və Cəlilabad rayon Baytarlıq İdarəsinin əməkdaşları adı çəkilən kənddə və Cəlilabad rayonunda araşdırma aparıblar. Araşdırma zamanı Adnalı kəndində bir həyətdə bir neçə baş ev quşunun tələf olması müəyyən edilib.
Quşlardan götürülən nümunələr laboratoriyada müayinə edillib və müayinə zamanı quşların askaridoz (qurd) xəstəliyindən tələf olması aşkar olunub.
Tələf olmuş quşlar xəstəliyin təlimatına uyğun olaraq zərərsizləşdirilib və dezinfeksiya işləri aparılıb.
DBNX əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Həmçinin heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunması, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılması tövsiyə edilir.
Bundan başqa, DBNX KİV nümayəndələrindən dəqiqləşdirmədən, aparılan müayinə və araşdırmaların nəticələrinə istinad etmədən ölkədə heyvanlar arasında hər hansı iti yoluxucu xəstəliyin olması barədə məlumatlar yaymaqdan çəkinmələri ilə bağlı xahiş edib.
Bildirək ki, həqiqəti əks etdirməyən məlumatların yayımlanması həm ölkə əhalisi arasında yersiz narahatçılığa səbəb ola, həm də ölkəmizin beynəlxalq səviyyədə imicinə mənfi təsir edə bilər.
Son olaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.