QHT Şurası 2 saytla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək
29 yanvar 2016 19:33 (UTC +04:00)

QHT Şurası 2 saytla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şuranın sədri, millət vəkili Azay Quliyev haqqında xeber.info və arqument.az saytlarında böhtan və şantaj xarakterli yazı dərc edilib. Şuradan Lent.az-a verilən məlumata görə, əvvəllər də  müxtəlif xarakterli şər, böhtan və şantaj dolu məlumatların yayımlanmasına baxmayaraq, Şura indiyədək bu tipli “media” orqanlarının hüquqi qaydada cəzalandırılmasının tərəfdarı olmayıb: “Şura hesab edir ki, media, cəmiyyətin müxtəlif məzmunlu zəruri  informasiya ilə təminatını həyata keçirən və inkişafa xidmət edən vətəndaş cəmiyyətinin aparıcı institutlarından biridir. Bunu əsas götürərək  Şura şəffaflıq və aşkarlıq prinsiplərinə sadiq qalaraq hər zaman yerli və beynəlxalq KİV-lərlə əməkdaşlığa böyük önəm verib.

 

Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumların və hüquq-mühafizə orqanlarının dəfələrlə xəbərdarlığına baxmayaraq, hələ də qanunazidd əməllərindən əl çəkməyən, jurnalistikanın etik prinsiplərinə məhəl qoymayan,  dövlət orqanlarının və ictimai-siyasi xadimlərin işgüzar nüfuzuna kölgə salmağa çalışan yazılı və internet mediası nümunələri də mövcuddur. Onların bu tip qarayaxma fəaliyyətinin davamlı xarakter almasını və şifahi xəbərdarlıqlarımızın nəticə verməməsini əsas götürərək,  Şura yuxarıda adı çəkilən saytlar haqqında müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına müraciət etməyi qərara alıb”.

 

Şura bununla yanaşı bütün media təmsilçilərinə müraciət edərək onları mətbuat adına ləkə gətirən, jurnalistikanın ali məqsədlərindən tamamilə uzaq olan,  söz və ifadə azadlığından sui-istifadə edərək şər və böhtanı özlərinin həyat tərzinə çevirən “jurnalistlər”in əməllərinə münasibət bildirməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar