QHT-lər prezidentə müraciət edir
24 aprel 2017 19:41 (UTC +04:00)

QHT-lər prezidentə müraciət edir

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları prezident İlham Əliyevə müraciət etməyə hazırlaşırlar.
 
APA-nın məlumatına görə, buna səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” qanuna istinad edərək banklara ünvanladığı məktubun icrası nəticəsində yaranmış problemlərdir.
 
Bildirilir ki, banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatlarının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib. Buna səbəb isə “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.7-ci maddəsinə istinad edilərək dövlət donor qurumları tərəfindən  ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlət satınalma müqaviləsi kimi qiymətləndirilməsi olub.
 
Qeyd olunur ki, qeyri-hökumət təşkilatları 15 min manatadək məbləğ çərçivəsində nağd qaydada hesablaşmaların aparılmasını həyata keçirə bilmirlər. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən müsabiqə nəticələrinə əsasən müxtəlif layihələrinin icrası ilə bağlı ayrılmış maliyyə vəsaitləri qeyri-hökumət təşkilatlarının bank hesablarına köçürülsə də, bu vəsaitlərdən istifadə praktiki olaraq mümkünsüz hal alıb.
 
Bu səbəbdən QHT-lər ictimai əhəmiyyətli layihələrinin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş etməyə hazırlaşırlar. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

APA Baycan

Oxşar yazılar