Millət vəkili Qənirə Paşayeva Yaponiyanın Liberal Demokrat partiyasının rəsmisi, sabiq dövlət naziri Masako Morinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Lent.az-ın məlumatına görə, görüş zamanı Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib. Müzakirələr zamanı millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Q. Paşayeva Yaponiyanın Liberal Demokrat partiyasının rəsmisi, sabiq Dövlət naziri Masako Morinin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.
Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. “Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar”.
Millət vəkili Qənirə Paşayeva Yaponiyanın Liberal Demokrat partiyasının rəsmisi, sabiq Dövlət Naziri Masako Morinin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib və onları Azərbaycana dəvət edib.