Tailandda səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Tailand Kralı ailəsinin üzvləri, kraliça Sirikitin şəxsi katibləri Thanpuying Pharani Mahanonda, Thanpuying Supornphen Laungther, kraliça Sirikit İnstitunun və Fondunun rəhbərləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili görüşdə Azərbaycanla tarixi, mədəniyyəti ilə bağlı, bütün istiqamətlərdə görülən işlər, əldə edilən uğurlarla bağlı geniş məlumat verib. “Azərbaycanla Tailand arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olacağını”, deyən millət vəkili hər iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial olduğunu və Azərbaycanın ölkələrimiz arasında münasibətlərin inkişafında maraqlı olduğunu deyib.
Görüş zamanı Q. Paşayevaya Tailand kraliçası Sirikit Phra Baromma Rajini Nath tərəfindən və onun dəstəyi və rəhbərliyi ilə qurulan institut, fond və muzeyin fəaliyyəti, mədəniyyət, təhsil və sosial sahədə həyata keçirilən layihələr, əldə olunan uğurlar barədə geniş məlumat veriblər.
Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da mədəniyyət, təhsil və sosial sahədə həyata keçirdiyi böyük və önəmli layihələr barədə geniş məlumat verən millət vəkili və Tailand kralı ailəsinin üzvləri, kraliça Sirikitin şəxsi katibləri Thanpuying Pharani Mahanonda, Thanpuying Supornphen Laungther, kraliça Sirikit İnstitunun və Fondunun rəhbərliyini Azərbaycana dəvət edib.
Görüş zamanı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə bağlı da geniş məlumatlar verən millət vəkili dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalı olduğunu qeyd edib.
Görüşün sonunda Q. Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycanla bağlı müxtəlif materialları hədiyyə edib.