Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Tailandın Yazıçılar Birliyi sədri Burapa Arampee, P.E.N klub rəhbəri xanım Sumitra Channgao, tanınmış şair və yazarları ilə görüşüb. Lent.az-ın məlumatına görə, onlara Azərbaycanla bağlı, ədəbiyyatımızla bağlı geniş məlumatlar verən millət vəkili bildirib ki, toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, böyük şair və yazarlarımızı qarşılıqlı olaraq oxuması vacibdir: “Burada araşdıranda gördüm ki, Azərbaycanla bağlı Tailand dilində heç bir kitab yoxdur. “Azərbaycanlı yazar və şairlərin əsərlərinidən heç bir tərcümənin olmadığını”, dedilər. Təssüf ki, Azərbaycanda da Tailand ədəbiyyatı, böyük şair və yazarlarınızla bağlı bilgilər çox zəifdir. Ona görə də Yazarlar Birliklərimiz arasında, şair və yazarlarımız arasında əlaqə və əməkdaşlığın inkişafı çox önəmlidir”.
Azərbaycan Yazıçılar birliyi barədə də məlumat verən qurumun üzvü Q. Paşayeva Qarabağ həqiqətləri ilə də bağlı geniş məlumatlar verdikdən sonra 65 milyon əhalisi olan Tailandda bu barədə heç bir kitabın olmamasından təssüfləndiyini deyərək sizin də dəstəyinizlə Azərbaycanla, Qarabağ həqiqətləri ilə bağlı ilk öncə 2 kitabı tay dilində hazırlayıb çap etdirmək və universitet, kitabxanalarla yanaşı siyasi və ictimai xadimlərə, QHT və KİV-ləri də həmin kitabla təqdim etmək çox gözəl olar deyib.
Yazıçılar Birliyi sədri, P.E.N klub rəhbərliyi, tanınmış şair və yazarları millət vəkili Q.Paşayevanın dəvətini böyük məmuniyyətlə qəbul edərək Azərbaycanı yaxından tanımaq, əməkdaşlıq qurmaqla yanaşı öz yaradıcılıqlarında və fəaliyyətlətində də Azərbaycana yer ayırmaq istədiklərini bildiriblər.
Tailandda Azərbaycan və Qarabağ həqiqətləri ilə bağlı kitabın tərcümə edilərək nəşr edilməsi məsələsini dəstəkləyən Yazarlar Birliyi sədri bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını deyiblər. Tailandın ən böyük şair-yazarlarından olan Naovarat Pongpaiboon isə millət vəkilinin xahişinə dəstək olaraq Azərbaycanın ən böyük şairlərinin əsərlərindən ibarət bir kitabı Tailand dilinə çevirməyi öz üzərinə götürüb.
Görüşün sonunda Q. Paşayeva Tailandın Yazıçılar Birliyi sədri, P.E.N klub rəhbərliyi, tanınmış şair və yazarlarına rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, müxtəlif materialları hədiyyə edib.