Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində "Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu" adlı tədbir keçirib. Lent.az-ın məlumatına görə, Q. Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini, dilini, mədəniyyətini, ədəbiyyatını, həqiqətlərini yaxşı bilməli və təbliğ etməlidir: "Mən hesab edirəm ki, gənclər tələbə adını qazanmaq üçün bütün qruplar üzrə riyaziyyat fənni ilə bərabər, Azərbaycan tarixi fənnindən də imtahan versələr yaxşı olar. Azərbaycan dili, tarixi, ədəbiyyatı və coğrafiyası hər bir gəncimizin ən yaxşı oxuduğu fənlər olmalıdır”.
Q. Paşayeva görüşdə iştirak edən hər bir məktəbliyə Azərbaycan tarixi, işğal altında olan torpaqlarımızla bağlı kitablar, eyni zamanda Azərbaycan və dünya ədəbiyyatı ilə bağlı, müxtəlif sahələri əhatə edən kitablar, əsərlər hədiyyə edib və kitablara, oxumağa, mütaliəyə meylli gəncləri görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib.
Tədbirdə çıxış edən məktəbin direktoru Rəhilə Həsənova, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə də gəncləri tariximizi, Qarabağ həqiqətlərini öyrənməyə və təbliğ etməyə çağırıblar.
Tədbirdə gənclərlə geniş fikir mübadiləsi də aparılıb.