Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Vahidli kəndində müəllimlərlə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Müəllimlərlə görüşdə Q. Paşayeva başa çatmış dərs ilinin nəticələri ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Məktəbin vəziyyəti ilə də maraqlanan millət vəkili Vahidli kəndinin müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu bildirərək bununla bağlı təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət etdiyini vurğulayıb. Müəllimlərə kitablar hədiyyə edən millət vəkili kənddə eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb.
Qənirə Paşayeva kəndə səfər zamanı bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.
Seçiciləri ilə görüşdə Q.Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən sualları cavablandırıb.