Millət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da “Aralıq dənizi: qanunsuz miqrasiya üçün əsas qapıdır” adlı sənədin müzakirəsi zamanı çıxış edib. Lent.az-ın məlumatına görə, millət vəkili çıxışında bir neçə gün əvvəl Türkiyədə Suriya və İraqdan olan köçkünlərlə görüşdüyünü deyib: “Türkiyə onlar üçün bir ümid, bir xilas qapısıdır. Avropa və Avropa Şurası, onun Parlament Assambleyası 2014-də dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır və biz Assambleyanı buna çağırırıq. Çünki köçkünlər məsələsində Avropanın Türkiyəni maddi və mənəvi anlamda yalnız buraxdığını görürük. Türkiyənin 9 milyard dollara yaxın köçkünlərlə bağlı xərcləri yanında beynəlxalq ictimaiyyətin, Avropanın 455 milyon dollar yardımı çox azdır və Avropa dəstəyini artırmalıdır”.
Q. Paşayeva eyni zamanda müzakirə edilən məruzədə Türkiyədə köçkünlərin sayı 1.9 milyon göstərilmiş, amma rəsmi rəqəmlər 2.5 milyon olduğunu da qeyd edib: “Məruzəçinin bunu düzəltməsi vacibdir. Türkiyə köçkünləri qəbul etdiyi zaman etnik və dini kimlik ayrımı qoymur. Amma təəssüf ki, bu münasibəti bir çox Avropa ölkələrində görə bilmirik. Biz onları Türkiyədən örnək almağa və köçkünləri qəbul etdiklərində və dəstək göstərdiklərində etnik və dini kimlik ayrımı etməməyə çağırırıq. Bir neçə gün əvvəl Suriya və İraqdan köçkün düşmüş türkmənlərlə, onların təmsilçiləri ilə görüşdüyümüz zaman onlar bizdən səslərini burada duyurmağımızı istədilər. Köçkün düşmüş bu qardaşlarımız Avropanı onları köçkün salan səbəblərlə daha aktiv mübarizəyə çağırdılar”.
Millət vəkili otən gün “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər bölgələrində vəziyyətin gərginləşməsi” adlı məruzənin səsverməsi zamanı ortaya çıxan üzücü mənzərə kimi münasibətə assambleya yol verməməli olduğunu da səsləndirib: “Öz evinə dönə bilməyən və assambleyadakı müzakirələri izləyən 1 milyon azərbaycanlı köçkünlərin nə qədər böyük üzüntü duyduğunu anlatmaq çox çətindir mənim üçün burada. Onlar çox üzgün oldular. Bunları söyləməyimdə məqsədim bilirsinizmi nədir? Assambleyanın belə münasibətlərinin doğru olmadığını bir daha açıq şəkildə vurğulamaq. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan nəticələr, ortaya çıxan acı durumlar, faciələrı önləmək də çox çətindir. Bir düşünün. İnsanlar nədən evini buraxıb qaçırlar? Onlar ölümdən, öldürülməkdən qaçırlar və belə insanlara etnik və dini kimliyindən asılı olmayaraq fərq qoymadan dəstək göstərmək bütün Avropada, Avropa ölkələrində ilk öncə bir insanlıq vəzifəsi kimi qəbul edilməlidir”.