Sovet İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini elan edən Azərbaycan Respublikasını ilk tanıyan dövlət də məhz Türkiyə olmuşdur. 1991-ci ilin 9 noyabrında Türkiyə rəsmi olaraq Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etmiş və 1992-ci il yanvar ayının 14-də Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələr yaradılmışdır.Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra münasibətlərin müxtəlif istiqamətli inkişafı üçün əlverişli fürsətlər yaranmışdı. Lakin Azərbaycanın əlverişli geosiyasi məkanda yerləşməsi və Rusiya, İran və Ermənistan dövlətlərinin Azərbaycanla bağlı müxtəlif maraqlara sahib olması, xüsusən də, Rusiyanın o zaman Azərbaycanı öz təsir dairəsində saxlamağa çalışması müstəqilliyin ilk illərində Azərbaycan-Türkiyə münasibətlərində qısa sürən bir soyuqluq yaratmışdı. Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və nümayiş etdirdiyi siyasi strategiya iki ölkə arasında tarixən mövcud olan güclü əməkdaşlığı bərpa etmiş və strateji tərəfdaşlığın təməlini qoymuşdur.Türkiyə-Azərbaycan münasibətlərinin müasir inkişafının təməli hesab etmək olar ki, 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qoyuldu. 1994-cü ilin sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin xarici neft şirkətlərinin konsorsiumunda "Türk petrolları" şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsasını qoydu. 90-cı illərdə hər iki ölkə rəhbərlərinin müntəzəm xarakter almış rəsmi və işgüzar səfərləri müxtəlif sənədlərin imzalanması ilə müşayiət olunmuşdur. Bu proses XXI əsrdə də davam etdirilərək strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoymuşdur.
Ləman Xəlİlova
“Azerbaİjan Realİtİes”