Bu gün Milli Məclisdə qanunsuz qeysəriyyə əməliyyatlarının qanunsuz aparılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib.
Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.
Spiker Oqtay Əsədov müasir dövrdə UZİ aparatları vasitəsilə öncədən uşağın qız və oğlan olmasının müəyyənləşdirilməsinə toxunub: “UZİlərdə uşağın oğlan qız olacağı əvvəlcədən bilinir. Allahın işinə müdaxilə edirik. Nə isə fikirləşmək lazımdır, çünki bu məsələlərlə bağlı problemlər getdikcə artır”.
Millət vəkili Rəfael Cəbrayılov da hesab edir ki, cinsi seleksiyanın aradan qaldırılmasının vaxtı çoxdan çatıb. O, həkimlərin qanunsuz qeysəriyyə əməliyyatları ilə bağlı cəzaların artırılmasını təklif edib.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, uşaqların cinsinin əvvəlcədən müəyyənləşməsi cəmiyyətdə çoxdan müzakirə olunur: “Biz qanunvericilik qaydasında həkimlər tərəfindən uşağın cinsinin əvvəlcədən deyilməsini qanunvericiliklə qadağan edə bilərik”.
Qüdrət Həsənquliyev jurnalistləri nə isə yazmağa çağırmadığını da bildirib: Siz stenoqrama baxsanız bəzi məsələlər sizə aydın ola bilər. Digər tərəfdən, siz dərhal səsverməyə keçdiyiniz üçün ayağa qalxıb söz istəmədim. Biz demokratik bir cəmiyyət qururuq. Ona görə də Ziyafət Əsgərova cavab qaytarmıram. Hesab edirəm ki, dediyi sözlər yerdən ona qaytarıldı”.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.