Azərbaycan prezidenti İlham Əliyev ölkədə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinə aşağıdakı işlər tapşırılıb:
Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etmək;
Dövlət əmlakının Registrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsini, həmin sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyasını təmin etmək;
torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirmək:
torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırmaq;
torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi;
torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi;
ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması;
ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;
torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etmək;
ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etmək;
torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı aşkar edilən, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin, eləcə də əhalinin məskunlaşdığı ərazi hissələrinin yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi, habelə torpaqların dövlət torpaq kadastrında aid edildiyi kateqoriya ilə yanaşı digər kateqoriyaya da aid edilməsi barədə təkliflərin, Torpaq Məcəlləsinin tələblərinə zidd olmadığı təqdirdə, əsaslandırılmaqla və aidiyyəti orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etmək;
torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması, eləcə də bələdiyyələrin xəritələrinin hazırlanması tədbirləri ilə əlaqələndirilməklə həyata keçirilməsini və dövlət büdcəsi vəsaitindən səmərəli istifadə olunmasını təmin etmək;
torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsini, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təmin etmək.
Azərbaycanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət müəssisə və təşkilatlarına tapşırmaq:
idarəçiliyini həyata keçirdikləri, habelə istifadələrində olan torpaq sahələrinin yerquruluşu qaydasında mərzçəkmə işləri aparılmaqla sərhədlərinin dəqiqləşdirilməsi üçün müvafiq sənədlərin və məlumatların Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra – Komitə) sorğusu əsasında ona təqdim olunmasını, habelə zəruri hallarda bu işlərdə öz nümayəndələrinin iştirakını təmin etmək;
avtomobil və dəmir yolları, magistral suvarma kanalları və kollektorlar, su, kanalizasiya, elektrik və rabitə xətləri, magistral neft və qaz kəmərləri, mədəni irs obyektləri və qoruqlar, eləcə də qorunan və mühafizə olunan digər qurğu və obyektlərin mühafizə, sanitariya, qorunma və digər zona və zolaqları barədə mövcud məlumatların Komitəyə təqdim olunmasını, bu məlumatlar olmadıqda isə Komitənin sorğusu əsasında həmin zona və zolaqların müəyyən edilməsi məqsədi ilə aparılan işlərdə iştirak etmək üçün öz nümayəndələrinin ayrılmasını təmin etmək.
Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına idarəçiliyini həyata keçirdikləri, habelə istifadələrində olan torpaq sahələri, eləcə də apardıqları sahəvi kadastrlardakı torpaqlarla bağlı, torpaqların münbitliyinin bərpası və artırılması, onlardan istifadə olunması, bu məqsədlərlə aparılan monitorinqlərin nəticələri ilə bağlı sənədlərin və məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi məqsədi ilə üç ay müddətində, həmin torpaq sahələrinə münasibətdə həyata keçirdikləri tədbirlər və bu tədbirlər nəticəsində əldə olunan, informasiya sisteminə daxil edilməli məlumatların isə mütəmadi Komitəyə təqdim olunmasını təmin etmək tapşırılıb.
Yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və digər daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Komitə tərəfindən müvafiq ərazidə maarifləndirmə tədbirlərinin keçirilməsində iştirak etmək və bununla bağlı təşkilati dəstəyi təmin etmək tapşırılıb və tövsiyə olunub.
Nazirlər Kabinetinə isə Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etmək;
“Azərbaycanda daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək;
torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını Azərbaycan prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etmək;
bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə bələdiyyələrin vəsatətlərinə baxılması qaydasına dair təkliflərini üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək;
Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması, bu məqsədlə yerquruluşu, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin və torpaq, geobotaniki və aqrokimyəvi tədqiqatların mərhələlərlə aparılmasının maliyyələşdirilməsi məsələlərini həll etmək tapşırlıb.