Prezident İlham Əliyev Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən Sabirabad şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü prezidentin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.
Qeyd edək ki, Sabirabad şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal və emal müəssisələri yaradılıb, 15 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.