Prezident Bayıl bulvarının açılışında iştirak etdi
08 iyun 2015 21:53 (UTC +04:00)

Prezident Bayıl bulvarının açılışında iştirak etdi

APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Bayıl bulvarının inşasına 2013-cü ildə başlanılıb. Layihə çərçivəsində bulvarda işlər yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 24 hektar olan yeni istirahət mərkəzinin uzunluğu 2,3 kilometrdir. Burada 16 hektar yaşıllıq zonası yaradılıb.

 

Dövlət başçısı Bayıl bulvarının rəmzi açılışını bildirən lenti kəsib.

 

Yeni istirahət mərkəzində müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Dövlət Bayrağı Meydanı istiqamətindən başlayan Bayıl bulvarında görülən işlər Dənizkənarı Milli Parkın simasını daha da gözəlləşdirir, paytaxta xüsusi yaraşıq verir. Bu cür istirahət mərkəzlərində yaradılan infrastrukturun ən müasir tələblər səviyyəsində olması sakinlərin rahatlığı baxımından mühüm əhəmiyyətə malikdir. Xəzərə açılan mənzərə buraya gələn sakinlərin və turistlərin zövqünü oxşayacaq.

 

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Avropa Oyunları Parkının qarşısında yaradılmış parkdakı şəraitlə də tanış olublar. Dövlət başçısının diqqətinə çatdırılıb ki, ümumi sahəsi 15,5 hektar olan parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti yolları salınıb, geniş yaşıllaşdırma işləri görülüb. Prezident İlham Əliyev “Park Land” kafesinin rəmzi açılışını bildirən lenti kəsib. Müasir tələblər səviyyəsində yaradılan bu iaşə obyektində müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlar var.

 

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin açılışında da iştirak ediblər. Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, bağlantı yolları və piyada keçidi Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunub. Yolların ümumi uzunluğu 6630 metrdir. Bəzi yollarda hərəkət zolaqlarının sayı 4, bəzilərində isə 5-dir. Hərəkət zolaqlarının eni isə 3,5 metrdir. Yolların inşası zamanı 125 min kvadratmetr asfalt, 730 min kvadratmetr torpaq işləri görülüb. Yüksək səviyyədə və qısa müddətə yerinə yetirilən inşaat işləri zamanı müasir texnologiyalardan istifadə edilib.

 

Dövlət başçısı burada yeni inşa olunan yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə keçidin texniki göstəriciləri barədə məlumat verilib. Eni 8 metr, hündürlüyü 4 metr, uzunluğu 226 metr olan keçid əraziyə gələn insanların təhlükəsizliyini təmin edəcək. Burada əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğu quraşdırılıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçiddə 8 eskalator quraşdırılıb. Beləliklə, keçidin inşası sakinlərin Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198

Oxşar yazılar