“Azərbaycan iqtisadiyyatının vəziyyəti çox möhkəmdir və müsbətdir. Bütün iqtisadi göstəricilər bunu göstərir. Hətta böhranlı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib.
Prezident İlham Əliyev qeyd edib ki, indiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha da böyük prioritet olmalıdır: “Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktiki addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastruktur yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir”.
Dövlət başçısı bildirib ki, görüləcək əlavə tədbirlər nəticəsində iqtisadi fəallığı artırılmalıdır, o cümlədən tikinti sektorunda: “Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər. Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər - bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır. Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Əlbəttə, biz imkan verə bilmərik ki, burada xaotik vəziyyət yaransın. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır. Ancaq bizi ən çox geriyə salan məhz tikinti sektorunda, bax bu qeyri-normal vəziyyətdir. Çünki burada o qədər icazələr tələb olunur və burada o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Ona görə mən bu gün ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar. Mənə mütəmadi qaydada məlumat verilməlidir ki, hər rüb nə qədər tikinti layihəsi icra edilir, harada və bunun əmək bazarına olan təsiri nədən ibarətdir?!”.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, ipoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər: “Əfsuslar olsun ki, bizdə bu sektorda durğunluq müşahidə olunur. Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Ancaq bu proses hələ ki kütləvi xarakter almayıb. Bunu dərhal başlamaq, yəni, davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir. Bu tədbirlər haqqında mənə məlumat verilməlidir”.