Sentyabrın 12-də prezident İlham Əliyev Bakının Xətai rayonundakı 264 nömrəli məktəb-liseydə yaradılan şəraitlə tanış olub. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısına burada görülən təmir və yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, bu təhsil ocağı 1981-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb. Məktəb-liseyin binasında indiyədək əsaslı təmir işləri aparılmayıb. Binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.
264 nömrəli məktəb-liseydə təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
Qeyd edək ki, təhsil ocağında tədris ikinövbəli rejimdə aparılır. Məktəbdə Azərbaycan və rus bölmələrində 1399 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 117 müəllim məşğul olur. Şagirdlər 7-ci sinifdən etibarən texniki və humanitar siniflərə bölünürlər. 264 nömrəli məktəb-lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində məktəbi bitirən 98 məzunun 76 faizi ali məktəblərə qəbul olunub. Onlardan 7-si 600-dən yuxarı bal toplayıb.