Pipiyi qanayan döyüşçülər, ayaqları yuyulan xoruzlar, meydanda kor qalan çempionlar - REPORTAJ
29 mart 2013 16:20 (UTC +04:00)

Pipiyi qanayan döyüşçülər, ayaqları yuyulan xoruzlar, meydanda kor qalan çempionlar - REPORTAJ

“Xoruz döyüşlərində fırıldaq da çox olur. Çox zaman illik xoruzu çolpa adıyla döyüşdürürlər. Lakin başı çıxan  adam xoruzun tükünə baxan kimi illik xoruzu tanıyır. İllik xoruzun tükü parıltılı, çolpanın tükü isə bulanıq olur. Mənim özüm də dəfələrlə aldatmalı olmuşam. Güclü bir xoruzum vardı. Heç kim qorxusundan öz xoruzunu onunla  döyüşdürmək istəmirdilər. Mən də məcbur qalıb, onu qadınların saç boyası ilə rəngləmişdim (gülür)”. 

Bunu mənə xoruz həvəskarı Akif Ələkbərov dedi. O da digər azarkeşlər kimi xoruz döyüşünün başlamasını gözləyirdi. Bura Gəncənin “Qaraçılar” məhəlləsidir. Həftənin dörd günü Gəncə və ətraf rayonlarda yaşayan xoruz həvəskarları xoruzlarını döyüşdürmək üçün bura gəlirlər. Döyüş “meydan” deyilən məkanda təşkil edilir. Deyilənə görə, bu yer əskilərdən çayxana olub. Sonralar istifadəsiz qalan çayxana xoruz həvəskarlarının döyüş meydanına çevrilib. Döyüşlər həftənin çərşənbə, cümə axşamı, şənbə və bazar günləri axşam saatlarından gecə yarılarına qədər davam edir.

 

 

 

Balla, fındıqla bəslənən xoruzlar

 

 

 

Meydan deyilən yer əslində geniş otaqdır. Yanında həyəcandan dodaqları quruyan xoruz azarkeşləri üçün balaca çay dəsgahı da var. Döyüşçü xoruzlar meydana qoltuqda deyil, qutularda gətirilir. Bu onlara olan hörmətin nişanəsidir. Rinqə çıxanadək “döyüşçü”lər onlar üçün düzəldilmiş xüsusi kupelərdə saxlanılır. Xoruzların rinqdən əvvəl vuruşmaması üçün onlara  ayrı-ayrı kupelərdə yer verilir. Deyilənə görə, döyüşçü xoruzlar banlamağa başlayandan onları ayrı-ayrı yerlərdə  saxlamaq lazımdır. Xoruzların ayaqlarının  zədələnməməsi üçün meydanın kənarlarına palaz döşənib. Döyüş başlamamış xoruz azarkeşlərindən Adillə həmsöhbətik. Adil deyir ki, xoruzların meydanda hansı xoruzla qarşılaşacağı əvvəlcədən təyin edilir: “Mənim də güclü xoruzum var. Amma keçən döyüşdə pipiyi partladığı üçün bu gün gətirmədim. Bir az dincəlsin, növbəti döyüşə hazırlayıram. Döyüşəcək xoruzların  “razmer”i bir-birinə uyğun olmalı, çəkisi və boyu düz gəlməlidir. Ona görə də döyüşdən əvvəl xoruzlar yan-yana düzülür və hansı hansına uyğun gəlsə, rəqibi o seçilir. Nə olsun ki, xoruzdur? Döyüş döyüşdür. Əməlli başlı döyüşə can qoyurlar. Kor olub, ömürlük şikəst qalanı da olur”.

Söhbətə  20 ildi xoruz bəsləyən Akif əmi ilə davam edirəm.  “Bəzən elə olur ki, cücələrdən heç biri sağ qalmır. Bunları boya-başa çatdırmaq çətindi. Yumurtadan çıxandan sonra 15 və  45-ci günündə hər dəfə  “Lasota” dərmanı verilməlidi. 2-3 aylıq olanda isə vəba əleyhinə iynə, altı aydan bir də yaz və payız fəslində başqa bir dərman vurulmalıdı. Gündə iki dəfə yem verilir. Hər axşam yeməkdən sonra badamı, fındığı, kişmişi balla qatıb veririk. Ayaqlarını yuyur, budlarını ovxalayıb boynunu sığallayırıq. Döyüşdürəndə səksənməməsi üçün hər gün üzünə su vururuq. Bu, məşqlərdir. Su həm də heyvanın canın bərkidir”.

 

Xoruz döyüşü ləngidiyindən Akif əmidən xoruzların döyüşə hazırlanması haqqında da soruşdum.  Deyir ki, döyüşdən qabaq  xoruzları bir-birinə yaxın “setkalara” buraxırlar: “Orda onlar o yan bu yana qaçıb ayaqlarını bərkidirlər. Bir də çoxlu ləpə veririk. Bir xoruz ayda bir kiloqramdan çox ləpə yeməlidir. Belə qidalanan xoruz yaxşı döyüşür. Lakin onu nə vaxt istəsən döyüşdürmək olmaz.  Gərək xoruz özü döyüşə hazır ola. Özü sənə deməlidir ki, məni döyüşdür. Elə ki, fır-fır fırlandı bilirik ki, döyüşmək istəyir. Əslində xoruz döyüşdürmək sadəcə xəstəlikdir. Azarkeşiyik, döyüşdürüb başımızı qatırıq. Döyüşlərdə pul da olur. Əvvəlcədən razılaşıb, yüz - iki yüz manatdan döyüşdürürük. Pulun məbləği xoruza görə dəyişir. Yaxşı xoruzdursa, məbləğ min manata qədər, bəzən daha çox qalxır. Elə belə xoruzlar da var əlli manata döyüşürlər.  Xoruz  azarkeşləri  güclü xoruza mərcə girib pul qoyurlar, pul da götürürlər.  “Motor” adlı bir xoruz var idi, birinci raundda rəqibini “nokaut” edib səkkizinci dəqiqədə qalib gəldi”.

 

 

***

 

Söhbətin bu yerində döyüşün başlanması elan edildi.  Ortaya 2  xoruz buraxdılar. Xoruzlar bir-birinə yaxınlaşan kimi dimdikləşməyə başladılar. Gah havaya hoppanır, gah da rəqibin başına dimdik vururdular. Ciddi döyüş gedirdi. Heç biri geri çəkilmirdi. Hətta ən çox döyülən də hər zərbədən sonra rəqibinin üstünə cumurdu. Azarkeşlər fitə basıb, tükləri havada uçan xoruzları dəstəkləyirdilər. Düzü onların belə həyəcanla izlədiyi döyüş mənə çox qəddar təsiri bağışladı. Dilsiz-ağızsız xoruzlara yazığım gəldi. Ürəyim durmayıb, azarkeşlərdən  birindən soruşdum:

 

-Xoruzun birinin üzü qanadı. Bəs yazıq deyil?

 

-(Əhvalını pozmadan) Bu döyüşdü. İnsanlar da döyüşəndə burnu qanayır. Döyüşdə hər şey ola bilər.

 

-Meydanda ölən xoruz çox olub?

 

-Çox olub. Elə o gün Göygözün xoruzu meydanda döydü-döydü, axırda da bir təpiyə dözməyib öldü. Ölən xoruz döyüşü uduzur.

 

Bir az sonra döyüşün birinci raundu sona çatdı. Hər raund 10 dəqiqədir. Raundlar arasında iki dəqiqəlik fasilə elan edilir. Bu fasilədə xoruzun üzünə su səpirlər. Ona görə fasilələrə “su” adı verilib.  Qaydaya görə döyüş on “su”dan ibarətdir. On “su”dan sonra heç biri udmadısa heç-heçə bitir. Xoruz döyüşdə öldü, yerə yatdı, sinəsi yerə dəydi  dəqiqə yarım durmadısa o xoruz uduzmuş hesab edilir.

 

***

 

Bu dəfəki “su”da da xoruzların yiyələri onların üzünə su çiləyib, ayaqlarını masaj edirlər. Amma hiss olunur ki, xoruzlar çox yorğundurlar, ağızları açıq qalıb,  təngnəfəs olublar.

 

- Daha böyük olan xoruz güclü hesab edilir?

 

- Yox, yaxşı mamız vuran xoruz gücludür. Mamız xoruzun  ayağının arxasında olur. Onlar güclü olanda xoruzun zərbəsi də güclü olur. Çox döyüşən xoruzun mamızı zədə alır daha döyüşə bilmir.

 

- Döyüşdən sonra xoruza necə qulluq edirsiniz?

 

- Yaralarına maz çəkirik,  soyuqlamasın deyə “pensilin” vururuq. Fasilələrdə xoruza o qədər su çiləyirik ki, xəstələnə bilər. İynə vurulmasa, çiçək xəstəliyi də tuta bilər.  Bəzən döyüşdə mamızları zədələnir, yaxud kor qalırlar. Belə xoruzlar daha döyüşə yararsız olurlar. Onları balaya “vururuq”.

 

- Sizin xoruz döyüşməyəcək?

 

-Yox. Keçən dəfə uduzdu. Xoruzumun adı “Topal”dı. Ayağında problem var deyə belə deyirik. Həm də bu ad bir az aldadıcıdır. “Topal” deyəndə rəqib bir az ürəklənir.  “Topal”  “Ağ xoruz”la döyüşdü, amma uda bilmədi. “Topal”ın ilk döyüşü idi. İkisi də eyni gücdəydi. Ona görə beşinci raundda meydandan heç-heçə götürdük.

 

-Ən güclü xoruzunuz hansı olub?

 

-“Sokomote” idi. 11-12 döyüş udub. Sonuncu döyüşdə zədə aldı deyə sonra döyüşmədi.

 

Üç min manata xoruz

 

Döyüşün ikinci raundu başladı. Yenə xoruzlar qırğına çıxdılar. Bu dəfə ikinci xoruz da yaralandı, ağ sinəsi qırmızı qana boyandı. İzləmək çətin olsa da, döyüş bitmədən meydandan getmək istəmədim. Həm də öyrənmək istədiyim başqa suallarım vardı. Növbəti fasiləni gözləməli oldum.

 

Hakim fasilə elan etdi. Mən də bu dəfə Surxay adlı azarkeşlə tanış oldum. Ondan nə üçün bu xoruzlara “Ağdam” xoruzu adı verildiyini öyrəndim. O dedi ki, xoruzların cinsinin  Ağdamla heç əlaqəsi yoxdur: “ Sadəcə ilk xoruz döyüşləri Ağdamda keçirildiyindən adı belə qalıb. Azərbaycana xoruzlar daha çox Türkiyə, İran, İndoneziya, Filippin, Belçika, Yaponiya və Çindən  gətirilir. Ən yaxşı döyüş xoruzu İndoneziyanınkı hesab edilir. Məsələn, o küllü xoruzu mən Türkiyədən 400 lirəyə almışam. Cinsi yaxşı olan xoruz döyüşü  uduzmuş olsa da,  iki min manata da satmırlar.  Çünki  qorxurlar ki, ondan bala alıb rəqib kimi qarşısına çıxararlar”.

 

Surxayın dediyinə görə, Türkiyədə də xoruz döyüşləri keçirilir: “Orada döyüşlər gizlin şəkildə keçirilir. Həm də orda hər raund 15 dəqiqədir. Amma Türkiyədə ildə 2-3 dəfə dövlət səviyyəsində festivallar keçirilir. Festivala bütün dünyadan xoruz həvəskarları gəlirlər. Mən o festivallarda iştirak etməmişəm. Gələcəkdə imkan olarsa, qatılmağı düşünürəm. Amma hazırda belə  festivala qatılacaq güclü xoruzumuz da yoxdu. Orda dünyanın ən güclü xoruzları yarışır. Azərbaycanda ən bahalı xoruz 2-3 min manatdır”.

 

Elə Surxayla söhbət edirdik ki, bir xoruz başladı səs-küy salmağa. Bu davakar xoruzun adı “Çalı”dı. Tüklərinin rənginə görə onu belə adlandırırlar. Surxay “Çalı” haqqında da məlumat verdi: “ “Çalı”nın çəkisi 3 kilo 200 qramdır,  9 aylıqdı. Lakin biz onu bir az tez döyüşdürməyə başlamışıq. 9 aylıq olmasına baxmayaraq Şəkidə və Yevlaxda iki meydan qələbəsi var. Vaxtı ilə yüz  manata aldığımız  bu xoruzun qiyməti qələbələrinin sayına görə daha bahadı. Bizim bir xoruz vardı, quyruğu yolunmuşdu deyə adına “Dümbək” deyirdik.  O Bakının ən güclü xoruzu “Kuvalt”ı iki “su”ya uddu. Üçüncü “su”da heyvan dözməyib qaçdı”.

 

Döyüşün üçüncü raundu başladı. Amma bir neçə dəqiqə keçməmiş xoruzlardan biri məğlub oldu. Başım söhbətə qarışdığından xoruzun necə məğlub olduğunu görə bilmədim. Dedilər ki, sinəsi yerə dəyib...

# 4768
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar