Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin olunmuş Qulu Novruzov bu təhsil müəssisəsinin kollektivinə təqdim edilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil nazirinin müavini Ceyhun Bayramov Q.Novruzovu təbrik edərək ona yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
C.Bayramov bildirib ki, Pedaqoji Kollecin Azərbaycan təhsil sistemindəki özünəməxsus yeri və zəngin inkişaf tarixi bu tədris ocağının daha böyük uğurlara imza atacağını söyləməyə imkan verir.
Q. Novruzov isə ona göstərilən etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.
Qeyd edək ki, Pedaqoji Kollecin keçmiş direktoru Nurlana Əliyeva isə təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.