Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsinin təmiri başa çatıb. Lent.az-ın "Azəravtoyol" ASC-yə istinadən verdiyi məlumata görə, təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılıb, köhnə səki daşları sökülüb, köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilib. Ümumilikdə 2 qat olmaqla 11 min m2 sahə asfaltlanıb. Küçə boyu 1600 p/m yeni səki daşı düzülüb, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənib. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.
Bundan başqa avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə sözügedən hissədə 3 xüsusi “cib”li dayanacaq tikilib. “Cib”lərin uzunluğu 15 metr, eni isə 3,5 metrdir. Tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd edək ki, növbəti mərhələdə küçənin Babək prospektinə qədər olan hissəsinin də təmir edilməsi nəzərdə tutulub.