Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
“Şahmat” fənninin tədrisinin şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq, həmin fənnin tədris olunduğu pilot ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi məqsədilə imzalan əmrdə qeyd olunur ki, 2013-2014-cü dərs ilindən “Şahmat” fənninin II sinifdən başlayaraq tədris olunması nəzərdə tutulan yeni pilot ümumtəhsil məktəblərinin siyahısı təsdiq edilsin.
Əmrə əsasən, 2011-2012 və 2012-2013-cü dərs illərində pilot müəssisə kimi müəyyən olunmuş ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisi müvafiq siniflər üzrə 2013-2014-cü dərs ilində davam etdiriləcək.
“Şahmat” fənni II, III və IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə 1 (bir) saat tədris olunacaq. “Şahmat” fənni üzrə IV siniflərin tədris planı və proqramları da təsdiq edilib.