“Hələ də əhali arasında qeydə alınan kütləvi qida zəhərlənmələrinin və hətta ölümlə nəticələnən botulizm hadisələrinin baş verməsi bu istiqamətdə ciddi işlərin davam etdirilməsini tələb edir”.
Lent.az-ın məlumatına görə, bunu Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzedicisi Vaqif Abdullayev bu gün mərkəzdə keçirilmiş mətbuat konfransında deyib.
V.Abdullayev bildirib ki, əhali arasında sağlam qidalanma sahəsində bilik səviyyələrinin genişləndirilməsinə də böyük ehtiyac duyulur.
Onun sözlərinə görə, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində, vaxtaşırı olaraq qonşu ölkələrdə və ümumiyyətlə regionda müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, ölkəmizdə epidemioloji sabitliyin təmin edilməsinə şərait yaradılıb.
Qurum rəsmisi bildirib ki, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi, həmçinin profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri baş verməyib, epidemik parotit xəstəliyinin minimum səviyyəsi müşahidə edilib.
Qeyd edək ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tabeliyində olan 74 şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri, 6 dezinfeksiya stansiyaları və 45 profilaktik dezinfeksiya şöbələri fəaliyyət göstərir.