Növbədə olan 120 Böyük Vətən müharibəsi əlilinə avtomobil veriləcək
07 may 2015 14:49 (UTC +04:00)

Növbədə olan 120 Böyük Vətən müharibəsi əlilinə avtomobil veriləcək

0

1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 70 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları ilə görüş keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının da misilsiz xidmətlər göstərdiyini vurğulayıb, Azərbaycanın igid oğul və qızlarının ön cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən, xalqımızın arxa cəbhədə fədakar əməyindən bəhs edib: “Təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarını cəmiyyətimizdə ən hörmətli insanlar kimi dəyərləndirərək,  onları “xalqımızın qızıl fondu” adlandırıb. Məhz Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə gününün yenidən dövlət bayramları sırasına daxil edilməsini, Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsini təmin edib”.

 

Hələ 1994-cü ilin iyununda “Veteranlar haqqında” Qanunun qəbul olunduğunu qeyd edən S. Müslümov sonrakı illərdə həmin insanlara qayğının ilbəil artdığını, onların dövlət büdcəsi hesabına mənzil və avtomobillə təminatı işlərinə də başlandığını bildirib: “2008-ci ilin 01 sentyabrından Böyük Vətən müharibəsi əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin orta aylıq məbləği 85 faizə yaxın artırılaraq I qrup əlillər üçün 90 manatdan 150 manata, II qrup əlillər üçün 70 manatdan 130 manata, III qrup əlillər üçün 50 manatdan 100 manata çatdırılıb. Təkcə ötən il bu şəxslərə ödənilən prezident təqaüdlərinin orta aylıq məbləği 50%-ə yaxın artırılıb. Həmçinin Böyük Vətən müharibəsi iştirakçılarına 2012-ci ilin iyulun 1-dən təyin olunaraq ödənilən prezident təqaüdünün aylıq məbləği ötən dövrdə 81,8 faiz artırılaraq 55 manatdan 100 manata çatdırılıb”.

 

S. Müslümov bu il dövlət başçısının sərəncamı ilə qeyd olunan kateqoriyalardan olan 18881 nəfərə birdəfəlik maddi yardım ödənildiyini də vurğulayıb: “Həmin insanlardan 1342 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır ki, onların hər birinə 800 manat məbləğində birdəfəlik yardım verilib. Bu məbləğ 1941-1945-ci illər müharibəsi iştirakçılarına MDB məkanı üzrə ödənilən birdəfəlik maddi yardımların ən yüksəyidir. Çünki həmin məbləğ Azərbaycan manatı ilə ifadə olunduqda, Belarusda təqribən 740 manat, Rusiyada 138 manat, Qazaxıstanda 570 manat, Özbəkistanda 295 manat və s. səviyyəsindədir”.

 

Nazir Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına minik avtomobili və mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini, indiyədək ƏƏSMN tərəfindən bu təbəqədən olan 1075 nəfərin minik avtomobili, 102 nəfərin mənzillə təmin olunduğunu bildirib: “Möhtərəm dövlət başçısının 30 aprel 2014-cü il tarixli Sərəncamının icrası olaraq, ötən il 2014-cü ilədək növbəyə dayanmış bütün Böyük Vətən müharibəsi əlilləri, yəni 190 nəfər “Naz-Lifan” markalı minik avtomobili ilə tam təmin olunub. Cari ilin 1 mart tarixinə növbədə olan 120 nəfər Böyük Vətən müharibəsi əlilinin də bu ilin iyul ayında avtomobillə təmin edilməsi nəzərdə tutulur”.

 

S. Müslümov Böyük Vətən müharibəsi veteranlarının dövlət hesabına bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı sahəsində görülən işlərdən də söz açıb: “Sevindirici haldır ki, bu gün nə qədər ahıl olmalarına baxmayaraq, Böyük Vətən müharibəsi veteranları ölkəmizin inkişafı proseslərində fəal iştirak edirlər, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması işlərində öz dəyərli səylərini göstərirlər. Biz onlarla fəxr edir və qürur hissi keçirir, onlara öz dərin hörmət və ehtiramımızı bildiririk”.

 

Görüşdə çıxış edən Böyük Vətən müharibəsi veteranları göstərilən diqqət və qayğıdan razılıqla söz açaraq, onların hərtərəfli təminatını daim diqqətdə saxlayan dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar