GÜNÜN ŞƏRHİ
Respublikaçılar prezident seçkilərində rəqiblərinə üç istiqamətdə zərbə endirəcək. Qurşaqdan aşağı bu zərbələrdən biri sosial problemlər, digəri İranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşma, üçüncüsü isə Obama administrasiyasının İŞİD strategiyasıdır. Daha doğrusu, olmayan strategiya... Respublikaçılar Ağ Evin İŞİD təhlükəsini aradan qaldırmaq üçün heç bir strategiyasının olmadığını iddia edir, İraqla Suriyada İŞİD faktorunun güclənməsini Obamanın səbatsız siyasəti ilə əsaslandırır. “Fillər” hesab edir ki, “eşşəklər” Yaxın Şərq yükünü çəkə bilmir, bu səbəbdən də Birləşmiş Ştatları İŞİD və İran yükünün altında inlədirlər. Demokratların İŞİD strategiyasını “yük ağırdır” bəhanəsi kimi qəbul edən respublikaçılar hesab edir ki, ölkə tarixində həmişə ağır yüklərin altına “eşşəklər” deyil, “fillər” girib, buna görə də seçicilər prezident seçkilərində yükü fillərə həvalə etməlidir. Con Makkeyn də elə bunu demək istəyib. Senatorun “Ağ Evin Yaxın Şərqlə bağlı işlək mexanizmlər həyata keçirdiyini deyənlər, bəs mən niyə bunu görmürəm?” fikirlərini xalq dilinə təxminən belə çevirmək olar: “Yaxın Şərq yükünün altına girməyənlər, yalandan yük daşıdığını iddia edir. Yük daşınırsa, biz niyə hələ də bu yükün altında inləyirik”. Təxminən belə bir şey...