Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə keçirilən təlim-metodik toplantıda Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov iştirak edib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, general-polkovnik N. Sadıkov iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayaraq mənəvi-psixoloji hazırlıq işinin yüksək səviyyədə təşkili, tabelikdə olan hərbi qulluqçuların milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eləcə də şəxsi heyətin təhlükəsizlik qaydalarına əməl etməsi və digər vacib məsələlərlə bağlı fikirlərini onların diqqətinə çatdırıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğıdan söz açan Baş Qərargah rəisi xeyli sayda yeni hərbi şəhərciklərin istifadəyə verilməsini, ordunun arsenalına müasir döyüş vasitələri, silah-sursat və yeni avadanlıqların daxil edilməsini də xüsusi vurğulayıb.
Döyüş və mənəvi-psixoloji hazırlıq işinin daha da gücləndirilməsi ilə bağlı müdafiə nazirinin tapşırıqlarını şəxsi heyətə çatdıran Baş Qərargah rəisi Silahlı Qüvvələrdə şəxsi heyətin rifahı naminə həyata keçirilən islahatlar və quruculuq işlərinin davam etdiriləcəyini də qeyd edib.