Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bir sıra KİV-lərdə Aran rayonlarında mal-qara arasında dabaq xəstəliyinin yayılması, heyvanların xəstəlikdən tələf olması, ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə məlumatlara münasibət bildirib.
DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2016-cı il ərzində respublikada heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb. Hazırda ölkədə epizootik vəziyyət sabitdir: “Rayonlardan mütəmadi olaraq toplanmış məlumatlara və aparılan araşdırmalara əsasən ölkəmizdə heyvanlar arasında dabaq və eləcə də xüsusi təhlükəli xəstəliklərin yayılması müşahidə edilməyib. Həmçinin araşdırmalar zamanı heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərindən ölüm halının olmadığı müəyyən edilib. Respublikanın bütün bölgələrində olduğu kimi, Bərdə və Goranboy rayonlarında da heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb. Araşdırma zamanı hələlik ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə DBNX-yə heç bir məlumat daxil olmayıb. Əhalidən xahiş edirik ki, hər hansı bir xəstəlikdən ölmüş heyvanların toplanması və ya tədarükü barədə faktla rastlaşarlarsa bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə məlumat versinlər”.
Xatırladırıq ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar ciddi tədbirlər həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.