Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan ABŞ-ın Kaliforniya ştatında tanınmış ictimai xadim, yəhudi mənşəli Şeron Nəzəryanla görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, N. İbrahimov Y&S Nəzəryan Ailə Fondunun (Y&S Nazarians Foundation) rəhbəri, ABŞ-ın tanınmış RAND Corporation beyin mərkəzinin Məşvərət Şurasının üzvü, Kaliforniya Unuversitetinin professoru Şeron Nəzəryana rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib.
Azərbaycan və yəhudi diaspor təşkilatları arasında mövcud əməkdaşlığa toxunan Nazim İbrahimov əməkdaşlığın daha da inkişaf etdirilməsini vacib sayıb. Şeron Nəzəryan isə rəhbərlik etdiyi Y&S Nəzəryan Ailə Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığa başlanmasını təklif edib. O, bu əməkdaşlığın gələcəkdə Azərbaycan-yəhudi diaspor təşkilatları arasında əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcəyini bildirib. Şeron Nəzəryan iki qurum arasında əməkdaşlığın başlanğıcı olaraq Nazim İbrahimova ABŞ-ın tanınmış Kaliforniya Universitetində diaspora siyasəti mövzusunda məruzə ilə çıxış etmək təklif edib. Nazim İbrahimov Şeron Nəzəryanın təklifini müsbət qarşılayaraq, rəhbərlik etdiyi qurumun belə bir əməkdaşlığa hər zaman hazır olduğunu açıqlayıb. Dövlət Komitəsinin sədri erməni lobbisinin güclü olduğu Kaliforniyada Fond ilə əlaqələrin qurulmasının müsbət nəticələr verəcəyinə ümidvar olduğunu vurğulayıb. Onun fikrincə, bu əməkdaşlıq bölgədə Azərbaycan icmalarının fəallığının artmasında, eləcə də erməni lobbisi tərəfindən aparılan təbliğat işlərinin qarşısının alınmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, Şeron Nəzəryanın ailəsi İran inqilabı zamanı ABŞ-a mühacirət edib və onlar ABŞ-ın İran yəhudiləri icmasının aparıcı simalarındandır. Ailənin nümayəndələri Yunis və Pərviz Nəzəryan qardaşları Azərbaycanın yaxın dostları sayılır. Şeron Nəzəryanın rəhbərlik etdiyi və atası ilə anasının adını daşıyan (Yunis və Sürəyya) fond isə 2000-ci ildə yaradılıb. Fond əsasən humanitar sahələrdə, o cümlədən təhsil, mədəniyyət və incəsənət, eləcə də ictimai siyasət, enerji sahələrində olan tədqiqatların maliyyələşdirilməsini həyata keçirir.
Şeron Nəzəryan Bakıya səfəri çərçivəsində bir sıra dövlət qurumlarında görüşlər keçirib, həmçinin yəhudi icmasının nümayəndələri ilə görüşüb və Qubadakı Qırmızı Qəsəbəyə baş çəkib.