Artıq narkomanlar daha asan müalicə ediləcək.
Lent.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsində bu məsələ müzakirə edilir. Belə ki, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən dəyişikliklərə uyğun olaraq, narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində sosial-psixoloji reabilitasiya və psixoloji korreksiya kursu aparılmalıdır. Bəs psixoloji korreksiya nə deməkdi?
Lent.az-ın bu sualına psixoterapevt Orxan Fərəcli cavab verir. Həkim deyir ki, bu müalicə üsulu daha effektli olacaq:
“Dərman terapiyası qısa müddət aparılır. Belə ki, dərman vasitələri xəstələrin yalnız ağrılarını götürmək üçün istifadə edilir. Ağrıları götürdükdən sonra isə əsas məsələ psixoloji mübarizədir. Psixoloji korreksiya adlanan bu müalicə üsulu kifayət qədər uğurlu üsuldur. Əgər müalicə düzgün aparılarsa, dərman preparatından daha uğurlu nəticə verə bilər”.
Onu da qeyd edək ki, Psixoloji korreksiyaya əsasən aşağıdakı məsələlər daxildir:
Ünsiyyət problemləri (özünə qapanma, hədsiz aqressiya, şiddətə meyillilik, məğlubiyyətlə barışmama və s.)
- Qorxuların müəyyənləşdirilməsi ( Qaranlıq qorxusu, məktəb qorxusu, yaxınlarından ayrı qalmaq qorxusu və s.)
- Nitq problemləri (kəkələmə, səslərin tənəffüsü və s.)
- Diqqətin yayınıqlığı, yadda saxlama çətinliyi
- Emosional pozuntu ( mənasız ağlamalar, aqressiya, özünə və ətrafına xətər yetirmə)
- Əşya və mövhumların çətin qavranılması.
- Bacı-qardaş qısqanclığı
- Televizora hədsiz meyillilik
- Yaxın adamın itirilməsi
- Psixiatrik pozuntular və s.
Həkimlərin bildirdiyinə görə, bu psixoloji problemləri həll etdikdən sonra narkomanların cəmiyyətə bərpa edilməsi daha asan olur.