Azərbaycan Mühəndislik Universitetində bəzi ixtisaslara qəbul dayandırılıb. APA-nın xəbərinə görə, bunu universitetin rektoru Havar Məmmədov deyib. Pedaqoji ixtisaslara qəbulun bu ildən dayandırıldığını deyən rektor bu gün ali məktəbdə həmin ixtisaslar üzrə xeyli təhsil alanların olduğunu qeyd edib və bildirib ki, onların təhsil müddəti bitdikdən sonra bu ixtisaslara qəbul olmayacaq.
H.Məmmədov vurğulayıb ki, bu il üçün əsas qəbul mühəndislik ixtisasları üzrə aparılacaq: "Ölkədə həmin ixtisaslara texnologiya, istehsalat müəssisələrində böyük tələbat var. Belə yeni ixtisasların sayı 13-dür. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi də hazırda ölkə üçün çox vacib sahədir. İnşaat profilli, inşaat mühəndisliyi, mexanika, maşın mühəndisliyi, istehsal proseslərinin avtomatlaşdırılması, sənaye mühəndisliyi, ekologiya mühəndisliyi kimi yeni ixtisaslar da açılır. Çünki bu gün ölkədə innovativ texnologiya və biliklərə malik olan mühəndislərə böyük tələbat var. Universitetdə iqtisadiyyat profili üzrə 6 ixtisasa da qəbul davam etdiriləcək”.
Rektor bağlanan ixtisaslar üzrə fəaliyyət göstərən əməkdaşların sonrakı taleyi barədə də danışıb. Onun sözlərinə görə, iqtisadi profilli olmayan müəllim heyəti 4 il işlərini davam etdirəcək: “Çünki bizim universitetdə təhsil 4 illikdir. Lakin ingilis dilli profili üzrə təhsil 5 il davam etdirilir. Təbii ki, gələcəkdə mühəndislik ixtisası üçün xarici dil bilikləri olan müəllimlərin biliyindən istifadə edəcəyik. Yeni ixtisasların tədrisində lazım olan kadrların cəlb olunması üçün Təhsil Nazirliyi ilə iş aparırıq. Burada xaricdə təhsil alıb ölkəyə qayıdan gənc mütəxəssislərdən, həm də digər ali təhsil müəssisələlərinin müəllimlərindən istifadə olunacaq. İlk vaxtlar onlar əvəzedici olaraq, yaxud saat hesabı ilə fəaliyyət göstərə bilərlər”.