Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidənqurulması layihəsi çərçivəsində aparılan işlər yekunlaşmaq üzrədir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yenidənqurma işləri Muğanlı-Yevlax yolunun 0-8.4 və 38-145-ci kilometrlik hissələrində aparılıb.
Əsaslı şəkildə yenidənqurulan yol iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115.15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7.5 metrdir. Yaşayış məntəqələrində yol yatağının eni bir az dalaraq 10.5 metr təşkil edir.
Layihə çərçivəsində yenidən qurulan Muğanlı-Yevlax yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işlərini demək olar ki, tam icra olunub. Yaxın günlərdə yerdə qalan 8 min kvadrat metr ərazinin asfaltlanması da yekunlaşacaq.
Ümumilikdə indiyə qədər əsaslı şəkildə yenidən qurulan avtomobil yolunda 263 ədəd suötürücü boru qoyulub, 16 min paqon-metr əyrixətli tirdən 15 min metri quraşdırılıb, qurulmalı olan 41 avtobus dayanacağından 27-i artıq hazırdır, yanaşma yolları üzrə 53 yol birləşməsindən 49-u tam hazır vəziyyətə gətirilib.
Bundan başqa Muğanlı-Yevlax avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində tikilməsi nəzərdə tutulan körpülərdən 4-də inşaat işləri tam olaraq yekunlaşdırılıb.