"Region TV"-nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov "Ferma" realiti şousunda yaşanan olayla bağlı açıqlama verib.
Lent.az-ın məlumatına görə, kanal rəsmisi deyib ki, bu veriliş hazırda Azərbaycan teleməkanındakı yeganə realiti şoudur: "Dünya praktikasına nəzər salsaq görərik ki, bir çox telekanallarda yayımlanan realiti şoularda da belə hallar tez-tez yaşanır. Bu formatdakı verilişlərdə iştirakçıların düşdükləri vəziyyətlərdəki emosiyaları, iradə nümayişləri sınağa çəkilir. Bu layihənin əsas məqsədi şəhər həyatına öyrəşmiş insanları bir araya toplayaraq, onları əməyə, zəhmətə, kənd həyatının çətinliklərinə öyrəşdirmək və bu çətinliklərdən birlikdə çıxış yolunu axtarmağa sövq etməkdir".
İsmayıl Həsənov sözügedən kadrlarda döyülmə faktının olmadığını bildirib: "Media resurslarında yayımlanmış kadrlara gəldikdə isə qeyd etmək istəyirəm ki, verilişdə iştirakçılar öz zəhmətləri ilə müxtəlif tərəvəz məhsullarını yetişdirmək üçün istixana yaradıblar. Orada yetişdirilən məhsullara zərər dəyməsin deyə və təhlükəsizlik qaydalarına riayət etmək üçün çaydan vasitəsilə su qaynadılması qadağan olunub. Xanım iştirakçı isə bu qaydaları pozub. Bu da iştirakçılar tərəfindən seçilmiş idarəçinin və digər iştirakçıların iradına səbəb olub və iştirakçılar arasında mübahisə yaranıb. Kadrlarda da görünür ki, orada döyülmə faktı yoxdur. Bizi təəssüfləndirən məqam isə mübahisə tərəflərindən birinin xanım olmasıdır. Bunu nəzərə alaraq artıq verilişin yaradıcı heyətinə tapşırıq verilib ki, bu halların təkrarlanmaması üçün iştirakçılar arasında maarifləndirmə işləri artırılsın".
***
14:34
Milli Televiziya və Radio Şurası "Region" TV-də yayımlanan "Ferma" realiti şousunda yaşanan qalmaqala münasibət bildirib.
MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Lent.az-a açıqlamasında deyib ki, hələ ki, verilişin təhlili aparılır: “ Verilişlə bağlı açıqlama olarsa, məlumat veriləcək”.
Qeyd edək ki, "Region" TV-də yayımlanan "Ferma" realiti şousunda qalmaqal yaşanıb. Proqramın ötən gün yayımlanan buraxılışında iki iştirakçı öncə mübahisə edib, sonra isə əlbəyaxa olub.