Mingəçevirdə tibbi yardımın təşkilində yenilik
20 aprel 2017 11:10 (UTC +04:00)

Mingəçevirdə tibbi yardımın təşkilində yenilik

İcbari tibbi sığortanın tətbiqi çərçivəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının tibbi təchizatı yaxşılaşdırılıb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə,  xəstəxanada 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalar müasir tələblərə cavab verir. Burada quraşdırılan müasir tibbi avadanlıqlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizləri də həyata keçirməyə imkan verir. Laboratoriyada xüsusi çoxfunksiyalı kreslolar qurulub. Həmin kreslolar qanalma zamanı xəstənin arterial təzyiqi düşərsə, ona uyğun vəziyyət alır. Laborator müayinələrin aparılması tamamilə avomatlaşdırılıb. Laborator müayinələrin kağız üzərində aktivləşdirilməsinə son qoyulub.

 

Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov bildirib ki, xəstəxanada tibbi təchizat yaxşılaşdırılıb.

 

Onun sözlərinə görə, xəstəxanaya LOR kombayn, laporoskopik əməliyyat üçün dəst, 4D ultrasəs müayinə aparatı, Hamilton süni ventelyatorlar, portativ süni tənəffüs aparatı, monitorlar, sterilizator və paketləmə aparatı, MQ aparatı, neonatologiya üçün küvezlər, “Beckman” markalı laborator analizatorlar, avtomatlaşdırılmış ginekoloji, proktoloji stolların alınması tibbi xidmətin keyfiyyətinin artırılmasına səbəb olub.

 

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında təcili yardım da daxil olmaqla, bir sıra şöbələrdə struktur dəyişikliyi aparılıb. Cərrahi profilə aid olan və ayrı-ayrı korpuslarda yerləşən urologiya, proktologiya, lor, onkologiya, uşaq cərrahiyyəsi, ümumi cərrahiyə, oftalmologiya “cərrahiyə şöbəsi” adı altında birləşdirilib. Həmin şöbə üçün 100 çarpayılıq bölmə yaradılıb.

 

K. Ələkbərov onu qeyd edib ki, doğum şöbəsində aparılan dəyişiklər vaxtından əvvəl doğulan ağır vəziyyətdə olan uşaqlara intensiv terapiyanın aparılması uçun tam şərait yaradır. Belə ki, burada süni tənəffüs aparatı, küvəz quraşdırılıb. Anadangəlmə sarılıqla doğulanlara təxirəsalınmaz yardım kimi fototerapiya cihazı quraşdırılıb.

 

60 çarpayılıq terapiya şöbəsində isə pərakəndə şəkildə yerləşmiş kardiologiya, nefrologiya, terapiya və nevrologiya bölmələri birləşdirilib. Doğum şöbəsi B korpusundan C korpusuna keçirilib. Həmin bölmədəki əməliyyatxananın yanında intensiv nəzarət bloku yaradılıb.

 

Qeyd edək ki, aparılan dəyişiklik mövcud çarpayılardan daha səmərəli istifadə etməyə imkan yaradır və göstərilən tibbi xidmətin keyfiyyətini artırır. Nəticədə xəstəxana keçən ilki göstəricilərindən 2 dəfə artıq xəstə qəbulu və müayinəsi həyata keçirir.

Məlumat üçün qeyd edək ki, Mingəçevir şəhərində də Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası nəzdində TTTY şöbəsi qurulub və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb.

Yeni tipli TTTY xidməti xəstənin ambulans üçün çağırışından başlamış onun tibbi xidmətin digər səviyyəsinə (İSX, ambulator və ya stasionar tibbi xidmət) yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir. Ambulans çağırışı zamanı xəstənin vəziyyəti qiymətləndirilir, ilkin tibbi yardım üçün məsləhətlər verilir və xəstənin ehtiyaclarına uyğun olaraq həkim briqadası göndərilir. Xəstə ambulansla xəstəxanaya gətirildikdə və ya fərdi qaydada özü müraciət etdikdə TTTY şöbəsinə qəbul zamanı xəstənin vəziyyəti qiymətləndirilir və onun statusu “təxirəsalınmaz”, “təcili” və ya “təcili olmayan” hallar üzrə müəyyən edilir. İlkin tibbi müdaxiləyə daha çox ehtiyacı olan xəstələrə dərhal tibbi xidmət göstərilir. İlkin tibbi xidmətdən sonra xəstələr əlavə müayinə və müalicəyə ehtiyac olduqda tibbi xidmətin digər səviyyələrinə yönləndirilir, hər hansı bir tibbi xidmətə ehtiyac olmadıqda isə evə buraxılır. Şöbədə ilkin cərrahi, ilkin travmatoloji, pediatrik və reanimasiya xidmətlərinin həyata keçirilməsi üçün şərait mövcuddur.

“Triaj” sistemi xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar