Fövqəladə Hallar Nazirliyinə 1 milyon 700 min manat məbləğində vəsait ayrıldı
Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, qərarda qeyd edilir ki, 2013-cü ildə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyində olan qurumların istismar xərci, işçilərinin əməkhaqqı və digər sosial ödənişlərin ödənilməsi üçün Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə 1 milyon 700 min manat məbləğində vəsait ayrılsın.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Ceyranbatan, Mingəçevir və Şəmkir su anbarlarından su təchizatı üçün götürdüyü, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Abşeron magistral, Yuxarı Şirvan, Yuxarı Qarabağ və Şəmkir Maşın kanalları vasitəsilə suvarma üçün götürdüyü və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Mingəçevir İstilik Elektrik Stansiyasının soyuducu sistemi üçün götürdüyü suyun dəyərini Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinə ödəyəcəklər.
Su Məcəlləsinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan su obyektlərində sudan pullu istifadə qaydalarının müəyyən edilməsi barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Maliyyə Nazirliyinə tapşırılıb ki, ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyində olan qurumların saxlanılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin layihəsində vəsait nəzərdə tutsun. Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, bu qərardan irəli gələn digər məsələləri həll etsin.