Milli Qəhrəman Səfiyar Behbudovun həyatından bəhs edən “Simurq ömrü” filminin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyi tərəfindən çəkilən filmin təqdimatında ictimaiyyət və media nümayəndələri, Qarabağ qaziləri, Milli Qəhrəmanın ailə üzvləri iştirak edib.
Filimin ideya müəllifi bəstəkar Şəmistan Əlizamanlı, ssenaristi və rejissoru İlham Tumasdır. Film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilib.
Tədbir vətən uğrunda canlarından keçən şəhidlərin ruhuna 1 dəqiqəlik sükutla başlayıb. “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı Səfiyar Behbudovun hələ Milli Azadlıq Hərəkatının ilk fəallarından olduğunu deyib: “Bizim üçrəngli bayrağımız xalqa təqdim ediləndə, hamı o bayrağa sevinclə, çoşğu ilə baxırdı. Elə o zaman Səfiyar Behbudov özü də 3 rəngdə parça alaraq, öz əlləri ilə Azərbaycan bayrağını tikib. Sonra doğulduğu Bərdədə “Soy” adında təşkilat yaradıb. Özü kimi vətənpərvər gəncləri ətrafına toplayıb. Onun hər zaman amalı Azərbaycanı bütöv görmək olub. Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüş zonasına gedib. Kiçik leytenant rütbəsində, tağım komandiri vəzifəsində çalışıb. Hər zaman ən ağır döyüşlərdə könüllü olaraq iştirak edib. Sonuncu dəfə taqımı ilə birlikdə Yaqub Rzayevin dəstəsini mühasirədən qurtarıb. Yaralanıb, əsir düşüb. Əsirlikdə olduğu dövrdə işgəncələrə baxmayaraq , heç bir zaman Azərbaycanın sirrlərini verməyib. O sonda erməni bayrağına tüpürüb. Qəzəblənən ermənilər onu diri-diri yandırıb. Səfiyar son nəfəsində də “Azərbaycan, Azərbaycan” deyib ”.
Daha sonra Milli Qəhrəmanın həyatını əks etdirən film nümayiş olunub.
Bu, “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin Milli Qəhrəmanların həyatını əks etdirən sayca 3-cü filmidir.