Təhsil naziri Mikayıl Cabbarov YUNESKO-nun Baş Konfransının 37-ci sessiyasında iştirak etmək məqsədilə Fransanın paytaxtı Parisə səfər edib. Lent.az-ın məlumatına görə, səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov 8 noyabr tarixində Azərbaycan Respublikası adından çıxış edib.
Təhsil naziri çıxışında Azərbaycanla YUNESKO arasında inkişaf etməkdə olan əlaqələr, mövcud əməkdaşlığın gələcək inkişaf perspektivləri və bu ilin 18 iyul tarixində Azərbaycanla YUNESKO arasında imzalanmış “Təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Saziş”inin ikitərəfli münasibətlərimizin genişlənməsinə böyük töhfə verdiyini qeyd edib.
Nazir Azərbaycan - YUNESKO əməkdaşlığının hazırkı inkişaf səviyyəsinə çatmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu vurğulayıb.
Təhsil naziri Mikayıl Cabbarov Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının təhsil, elm və mədəniyyət inkişafına mənfi təsir göstərdiyini və bu işğalın YUNESKO-nun tərəfdar çıxdığı prinsip və dəyərlərə zidd olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfər çərçivəsində təhsil naziri Türkiyənin milli təhsil naziri Nəbi Avcı və digər rəsmi şəxslərlə ikitərəfli işgüzar görüşlər keçirib.
Qeyd edək ki, YUNESKO Baş Konfransının 37-ci sessiyasında sözügedən təşkilatın Təhsil Komitəsində məruzəçi vəzifəsi Azərbaycan Respublikasına həvalə olunub.
Mikayıl Cabbarov Parisdədir
991