Təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil şöbələrinin fəaliyyətini tənqid edib.
Lent.az-ın məlumatına görə, Heydər Əliyevin anadan olmasının 92-ci ili bağlı şagirdlər arasında inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı nazir bildirib ki, bir sıra rayon təhsil şöbələrində vakansiyaların gizlədilməsi hallarına rast gəlinir.
Nazir bununla əlaqədar müvafiq işlərin görüldüyünü deyib: “Azərbaycanda müəllim nüfuzunun artırılması və karyera inkişafı tədbirləri təhsil sahəsində həyata keçirilən işlərin mühüm hissəsini təşkil edir. Müəllim hazırlığı işinin təkmilləşdirilməsi, müəllimin karyera inkişafı və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, əməkhaqqının artırılması ilə bağlı son bir ildə nazirlik tərəfindən addımlar atılıb. Ötən il Bakıda çalışan 32 min müəllimin biliyi diaqnostik qiymətləndirmədən keçirilib, prezidentin sərəncamı ilə həmin müəllimlərin dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Bu qərarla müəllimlərin əmək haqqı orta aylıq əmək haqqına yaxınlaşıb. Bu tədbirin ölkənin bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulub”.