“12 illik təhsilə keçid bir vasitədir. 12 illik təhsil sisteminə keçidin təşkilində əsas məqsəd təhsil sisteminin əmək bazarı, dövlətin sosial və iqtisadi inkişafı üçün beynəlxalq aləmdə rəqabət davamlılığının artırılması, bizim vətəndaşları daha yüksək dəyərə malik insan kapitalı kimi formalaşdırmaq, daha yaxşı bilik və bacarıqlar vermək, ölkənin sosial- iqtisadi inkişafına, məqsədlərinə və maraqlarına xidmət edən vətəndaş yetirməkdir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “12 illik təhsil sistemini dəstəkləyən İnnovasiya Strategiyası” mövzusunda regional təhsil konfransında bildirib.
Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyasında 12 illik təhsil sisteminə keçidin nəzərdə tutulduğunu və bunun universal bir müddət kimi müəyyənləşdiyini qeyd edən nazir 12 illik təhsilin minimum standartları ötən həftə keçirilən Dövlət Təhsil forumunda deklorasiya layihəsində öz əksini tapdığını vurğulayıb.
Nazirin sözlərinə görə, bu məqsədə nail olmaq üçün ümumtəhsil sisteminin fəaliyyətinin optimallaşdırılması, müasir dünya standartları səviyyəsinə çatdırılması, təhsilin məzmunu və metodikası, həm də ümumtəhsil sisteminin təşkili baxımından addımlar həyata keçirilir: “12 illik təhsil sisteminə keçidə məhz bu prizmadan yanaşılmalıdır, sadəcə məktəbdə oxunan illərinin artırılması kimi deyil. Seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra bu 12 illik təhsil layihəsi gerçəkləşəcək”.