Mətbuat Şurasının İdarə Heyətinin 2016-cı ildə ilk iclası keçirilib
Azərbaycan Mətbuat Şurasının 2016-cı ildə ilk iclası keçirilib. İclasda ilk olaraq Şuranın 2016-cı il üçün iş planı müzakirə olunub. Plan yekdilliklə qəbul edilib.
Daha sonra MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun Şuranın 2015-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib.
İclasda daha sonra Mətbuat Şurasının Şikayətlər üzrə və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyalarının rəyləri əsasında qərarlar qəbul edilib. Müzakirələrdən sonra “Qərb xəbərləri” və “Xalq tribunası” qəzetlərinin adlarının MŞ-nin “qara siyahı”sına daxil edilməsi barədə qərar çıxarılıb. Bundan başqa “Bələdiyyə birliyi” qəzetinə xəbərdarlıq olunması ilə bağlı da qərar qəbul edilib. İclasda həmçinin “Milli.az” internet portalı, “dia.az”, “regionxeber.tv” saytı barədə də rəylər çıxarılıb.
İclasda KİV-lərin ölkədəki iqtisadi durumla bağlı vəziyyəti də müzakirə edilib. Bildirilib ki, qəzet kağızı 100 faizdən, xaricdən gətirilən hazır çap məhsulları isə 50 faizdən çox bahalaşıb. Üstəlik ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərinə 2005-ci ildə ləğv edilmiş əlavə dəyər vergisinin tətbiqinə başlanılması vəziyyəti bir qədər də çətinləşdirib. İH üzvləri mövcud durumdan çıxış yolu kimi göstərilən məsələlərlə bağlı Azərbaycan prezidentinə müraciət ünvanlanmasını məqbul sayıblar.
İclasda həmçinin internet media orqanlarının maliyyələşməsi ilə bağlı prinsiplər ətrafında da fikir mübadiləsi aparılıb. Bununla bağlı Ə.Amaşov bildirib ki, prezident İlham Əliyev milli mətbuatın 140 illik yubileyi münasibəti ilə MŞ İdarə Heyətinin üzvlərini qəbul edəndə bu istiqamətdə müzakirələr gedib: “Həmin vaxt dövlət başçısının məsələyə münasibəti, dəyərləndirməsi oldu. Buna görə də ictimai rəyə təsirinin dövlətin və cəmiyyətin mənafeləri ilə uzlaşdırılması, səmərəli məcraya salınması, həmçinin ölkəmizin dünyada daha sistemli şəkildə təbliği üçün onlayn media vasitələrinə də dövlət dəstəyi şamil edilə bilər”. İclasda məsələ ilə əlaqədar kriteriyaların dəqiqləşdirilməsinin, yekun təkliflərin ölkə rəhbərliyinə təqdim edilməsinin zəruriliyi önə çəkilib.