Qanunsuz sallaqxana haqqında meteriallar Baş Prokurorluğa göndərildi
02 fevral 2016 18:19 (UTC +04:00)

Qanunsuz sallaqxana haqqında meteriallar Baş Prokurorluğa göndərildi

0

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində keçirilən növbəti tədbirdə vətəndaş Sərdar Mirsahib oğlu Şahverdiyevə məxsus ət kəsimi sexinin həyətindəki otaqların birində mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran, göyərmiş və üfunət iyi verən ət və ət məhsulları aşkar edilib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  tədbir nəticəsində mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran, göyərmiş və üfunət iyi verən  2 heyvan cəmdəyi, 13 heyvan skleti və sümükləri, həmçinin 1 nömrəli soyuducuda 15 heyvan cəmdəyi, 2 nömrəli soyuducuda 5 heyvan cəmdəyi, plastik ləyənlərdə sümükdən ayrılmış 150 kiloqramdan çox ət və ət məhsulları, ətin sümükdən ayrılma otağında isə daha 3 heyvan cəmdəyi, sexin həyətində olan avtomobillərdə 2 baş xırdabuynuzlu heyvan cəmdəyi və 6 iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Həmin cəmdəklərin əksəriyyəti kaxeksiya və göyərmiş vəziyyətdə olub.

 

Məlumatda bildirilir ki, ət kəsimi məntəqəsi qeydiyyat sənədlərində heyvan kəsimi meydançası (sallaqxana) kimi göstərilsə də, əslində həmin məkan ayrı-ayrı rayonlardan qanunsuz yolla aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş müxtəlif növ heyvan cəmdəklərinin tədarük edildiyi və yararsız heyvan ətinin "topdansatış"ının həyata keçirildiyi obyekt kimi fəaliyyət göstərib. Həmin yerdə müəyyən edilmiş heyvan cəmdəklərinin və sümükdən ayrılmış ət məhsullarının mənşəyi və qida üçün yararlılığı şübhə doğurduğuna görə onlardan nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına müayinə üçün göndərilib.

 

Laboratoriyada aparılan bakterioloji müayinə zamanı heyvan cəmdəklərində və sümüksüz ətlərdə bakterioloji çirklənmə (BÇQB, Stafilakokkus aureus) aşkar olunmuş, biokmyəvi müayinə zamanı yoxlanılan ət nümünələrinin keyfiyyətsiz olduğu, iki cəmdəyin at cəmdəyi olduğu, həmçinin 19 nümunə ətin aqoniya halında və ya öldükdən sonra kəsildiyı müəyyən edilib.

 

Qeyd edək ki, insan və heyvan sağlamlığına təhlükəli olduğuna və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyinə görə 4 (dörd) tondan artıq heyvan cəmdəkləri və sümüksüz ət mütəxəssislərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştrakı ilə zərərsizləşdirilərək məhv edilib.

Nazirlikdən eyni zamanda bildirilir ki, S. M. Şahverdiyev əvvəllər də belə qanunsuz əməllərlə məşğul olub.  Belə ki, 26 iyun 2014-cü il tarixdə müxtəlif rayonlardan tədarük etdiyi ölmüş və aqoniya halında kəsilmiş, qida üçün təhlükəli olan 5500 (beş min beş yüz) kiloqramdan çox müxtəlif növ heyvan, o cümlədən at cəmdəklərini və sümükdən ayrılmış əti Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, 113 ünvaninda satarkən onun qeyri- qanuni əməllərinin qarşısı Bakı şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən alınmışdır. Bundan sonra S. M. Şahverdiyev qanunsuz əməllərini Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində davam etdirib.

Şahverdiyevin yol verdiyi əməllərin insanların və heyvanların sağlamlığına ciddi təhlükə yaratdığını nəzərə alaraq barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar