Mənim cəhənnəmim...
23 fevral 2015 16:18 (UTC +04:00)

Mənim cəhənnəmim...


Bu, mənə tanışdır. O səsdir.
Mən bu çığırtını tanıyıram...
Bir türkü çalar bağrımın başında. Çalar durur orda.
Yox bu türkü səsi deyil.
Tanıdım, saz səsidir, bax İsfəndiyar kişi çalır, “Ruhani”dir...
Tütək səsidir, Cümə çalır...
Heç biri deyil.
Nədir axı?
...off, beynim dağılır.
İyirmi ildir ovur içimi, gecə çalır, səhər çalır, susmur axı...


Neçə gündür bu yazını yazmamaq üçün özümü güclə saxlayıram. Olmaz deyirəm öz-özümə, olmaz, yazmayacağam!
Heç kimə deməyəcəyəm o səsi tanıdığımı...
Mən o səsi tanıyıram, Vüsalə. Sən əlinə qələm alıb “Əsir düşərgəsi”nə səyahət elədiyin gündən bəri qarşıma bu adla çıxacağını bilirəm.
Səni tanımasam da o səsi bilirəm.
Ta on üç yaşımdan bəri...
O səs Anamın səsidir...
Bir sabah üstümüzə Günəş deyil bu səs doğdu. Mənim mələk Anamın üstünə balaları gəlmişdi qara maşında.
Çiyinlərinə çıxıb özümü dünyada hamıdan yuxarıda hiss elədiyim qardaşlarım enmişdilər torpağa...
Mən də düşmüşdüm o yuxarıdan.
Təpəsi üstə!
Üstündən illər keçdi, mən böyüdüm, Anam yaşlandı, atam dərdə dözməyib dünyasını dəyişdi, evdə oğullar doğuldu.
Amma...
Mən o səsi unutmadım.
Balaca əllərimlə qanlı zabit geyimində gözlərini açmağa çalışdığım qardaşımı da, eyni anda düşmən gülləsinə tuş gəlib biri – birindən xəbərsiz ölən şəhidlərimi də basdırdım içimdə.
O səsi unudammadım. Anamın qiyyəsiydi, atamın hönkürtüsüydü...
Və mənim cəhənnəmimiydi!
Hələ saytda ikən hər sətrini gözümün yaşına qatdığım hekayətlərini əzbərdən bilirdim. Meyiti gələn əsirini “oğlum deyil” deyə qəbul etməyən ananın dərdiydi mənimki.
Ağlaya bilməyib kol dibinə qısılan bir uşağın hönkürtüləriydi...
Yazammadım.
İndi yazıram, Vüsalə.
Tanımadığım sənə tanıdığım dərdlərimdən yazıram...
Qurulmayan toy çadırlarının yası var içimdə...
Evdə qalan “nişanlı qız”ın ərə getməyi var.
Bir də daş məzarlar var, boyunu oxşadığım...
Ciyərimin yanıq qoxusunu hiss eləməkdi mənimki.
İçərisinə çəkməkdi.
Ölə-ölə yaşamaqdı...
Bağrımın başındakı cəhənnəmdən Anam qiyyə çəkir ömrümə.
Atam diz çöküb hönkürür.
Və mən on üç yaşımı çəkib aparıram ömrümün sonuna...
Nə vaxt bitər, harda qırılar, bilmirəm.
Yazdığın hər sətir, dinlədiyin hər kəlmə üçün sənə minnətdaram!
Ürəyinin ağrısı üçün, Ananın təzyiqi üçün, qorxuların üçün təşəkkür edirəm sənə.
Kar olmuş qulaqlara cəhənnəmdən gələn səsləri duyurduğun üçün...
O səslərə qulaqlarını tıxamadığın üçün,
Var ol, Vüsalə.
Əllərindən, qələmindən və cəhənnəmdən çıxardığın cənnətindən öpürəm!  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225

Oxşar yazılar