Son vaxtlar məktəbyaşlı uşaqların intihar etmələri gündəmə məktəblərdəki şagird-psixoloq məsələlərini gətirib.
Əlbəttə, məktəbyaşlı uşağın psixologiyası ilə bağlı məsuliyyəti sadəcə məktəb psixoloqu deyil, valideynləri də daşıyır. Ancaq bilirik ki, mütəxəssis yardımı tam başqa, valideyn yardımı isə tam başqadır.
Bəs görəsən, intihara əl atan Hacıalı kənd sakini, 1999-cu il təvəllüdlü Aytac Zamin qızı Surxaylı, 11 yaşlı Qara Ağayev və bunun kimi digər məktəbyaşlı uşaqların oxuduğu məktəblərdə psixoloji yardım, psixoloqların fəaliyyəti üçün şərait lazımi səviyyədə idimi? Ümumiyyətlə, Təhsil Nazirliyi tərəfindən məktəb psixoloqları üçün hansı yeniliklərin təşkili gözlənilir?
Məsələ ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyindən bildirilib ki, məktəbyaşlı uşaqların mənəvi-psixoloji tərbiyəsinin təmin olunması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı yerli təhsili idarəetmə orqanlarına təlimati məktub göndərilib. Məktubda təhsilalanların həyatında hər hansı bir arzuolunmaz hadisənin qarşısının alınması üçün “məktəb-valideyn” əlaqələrinin pedaqoji əməkdaşlıq əsasında qurulması, ailələrdə mövcud olan sosial-psixoloji mühitin öyrənilməsi və zəruri hallarda valideynlərə pedaqoji yardım edilməsi, habelə şagirdlərdə həyata nikbin baxış, iradi möhkəmlik, ruh yüksəkliyi aşılayan, xüsusilə də, onların ümumbəşəri dini-əxlaqi dəyərlər zəminində, görkəmli şəxsiyyətlərin, müharibə, əmək və ədəbi əsərlərin qəhrəmanlarının, eləcə də mürəkkəb və çətin məqamlarda, fövqəladə hallarda cəsarət və iradə nümayiş etdirdiklərinə görə rəğbətləndirilən həmyaşıdlarının nümunəsində tərbiyə olunmasına yönəlmiş sistemli tədbirlərin yerinə yetirilməsi, məktəblərdə psixoloji xidmətin gücləndirilməsi işinə diqqətin artırılması tapşırılıb.
Məlumatda o da qeyd olunur ki, bununla yanaşı, məktəb psixoloqlarının fəaliyyətinin tənzimlənməsini, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsini təmin etmək üçün “Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində psixoloji xidmət haqqında Əsasnamə”nin layihəsi hazırlanıb. Layihə müzakirə olunub təsdiq edildikdən sonra yerlərə göndəriləcək.