Məktəblərdə hərbi hazırlıqla bağlı mediatur təşkil ediləcək
12 aprel 2016 16:35 (UTC +04:00)

Məktəblərdə hərbi hazırlıqla bağlı mediatur təşkil ediləcək

 

 Aprelin 13-də Təhsil Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə Bakı şəhərindəki 19 nömrəli tam orta məktəbə mediatur təşkil edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərinin ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan imkanlarla tanışlığına şərait yaratmaqdır. Eyni zamanda kompüter texnologiyalarına əsaslanan təlim silahlarını nümayiş etdirmək, onların vətənpərvər ruhda təlim-tərbiyə metodlarının təbliğinə dəstək verməkdən ibarətdir.

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə təlim avadanlıqları ilə təmin olunmuş hərbi kabinetə olub və gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsində iştirak edəcəklər.

Jurnalistlər şagirdlərin silahları söküb yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və stimulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyəcəklər.

Qeyd edək ki, ötən il ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetin (hərbi kabinetin) müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

Hərbi dərslərdə şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlar verilir, hərbi nizamnamə qaydalarının mənimsədilməsi, onların ordu həyatı ilə tanış olmaları, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının formalaşdırılması öyrədilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar