“Məktəbdaxili qiymətləndirmə şəffaf aparılmır” - PROBLEM
“Keyfiyyətli təhsilin ən mühüm meyarlarından biri də təhsil alanın bilik və bacarığının obyektiv və ədalətli qiymətləndirilməsindən, eləcə də subyektiv təsirlərin aradan qaldırılmasından ibarətdir”.
Bunu Lent.az-a təhsil eksperti Kamran Əsədov deyib.
Onun fikrincə, indiyədək tətbiq edilən qiymətləndirilmə üsulları - sorğu şəklində aparılan və yazılı imtahanlar, məktəbdaxili qiymətləndirmələr heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir: “Qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünya ölkələrinin əksəriyyətində daha geniş tətbiq edilən test üsulundan istifadədir.
Test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün tələbələr qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır. Biz orta məktəb qiymətləri ilə ali məktəblərə qəbul zamanı toplanan balları, hətta orta məktəbləri xüsusi fərqlənmə ilə bitirən, qızıl, gümüş medal alanları müqayisə etsək görərik ki, ortada ciddi fərq var.
Ali məktəblərə qəbul və buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili üzrə apardığım araşdırmada məlum oldu ki, orta məktəbi bütün fənlərdən "3” qiymətlə başa vuran məzunların 95,36 faizinin qəbul imtahanlarındakı nəticələrinin çox zəif – 0-199 bal intervalında olduğu göstərilib. "5” qiymətlə bitirən məzunların isə yalnız 52,03 faizi attestat qiymətlərini doğrulda bilib”.
Ekspert qeyd edib ki, orta məktəblərdə tədrisin keyfiyyətinə nəzarət və hesabatlılıq yoxdur, formal xarakterli qiymətlər yazırlar: “Qəbul imtahanlarında orta məktəblərdə verilən qiymətlərin öz təsdiqini tapmaması məktəbdaxili qiymətləndirmənin standartlara uyğun keçirilmədiyini, qiymətləndirmə zamanı kənar müdaxilənin olduğunu göstərir. Kimsə bacarığından yüksək bal alırsa, bu mütləq şəkildə hər hansı bir kənar təsir nəticəsində baş verir. “5” qiymət alanlar da bunu daha çox digər yollarla həyata keçirirlər. Hətta görürük ki, olimpiada qaliblərinin nəticələri belə qəbul imtahanlarında çox aşağı səviyyədədir. Bütün bu amillər məktəbdaxili qiymətləndirmənin şəffaf aparılmaması, direktorların öz maraqları müqabilində buna getmələri nəticəsində baş verir”.
2009