Marneulinin icra başçısı ictimaiyyət qarşısında hesabatla çıxış edib
01 iyun 2013 04:50 (UTC +04:00)

Marneulinin icra başçısı ictimaiyyət qarşısında hesabatla çıxış edib

Mayın 31-də azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində icra hakimiyyətinin başçısı Paata Abramişvili ictimaiyyət, QHT, eləcə də hökumət və icra nümayəndəlikləri, ziyalılar qarşısında 6 aylıq hesabatla çıxış edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, icra hakimiyyəti başçısı rayon ərazisində və Marneulidə həyata keçirilən layihələr barədə məlumat verib. O, çıxışında əsasən kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər və gələcək perspektivlər haqqında fikirlər söyləyib, bu sahəni şəxsən nəzarətə götürdüyünü bildirib. İcra başçısı Paata Abramişvili çıxışında son aylarda əhalinin 60%-nə vauçer və təsərrüfatın inkişafı üçün gübrə verildiyini qeyd edib. “Biz son aylar meliorasiya sistemində böyük işlər görməyə başlamışıq. İllərlə su görməyən arxlar təmizlənib. Bəzi kəndlərin suvarma kanalları tamamilə bərpa edilib. Bundan başqa içməl su, kəndlərdə yol problemi tədricən həll edilir və yeni layihələr həyata keçirilir. Azərbaycanlıların kompakt yaşadığı Sadaxlı və Dəmyə Görarxı kəndlərinə 1 milyon 100 min lari dəyərində içməli su çəkmək üçün layihə hazırlanıb. Yaxın günlərdə bu layihə həyata keçiriləcək. Marneuli şəhərinin infrastrukturunda da dəyişikliklər baş verib. Şəhərin A. Həsənov, Rustaveli, Bakı və Nərimanov küçələri asfaltlaşdırılıb və bəzilərində asfalt çəkilişində son tamamlama işləri gedir. Rayonun kəndlərində içməli su boruları yeniləri ilə əvəz olunur, əlavə su boruları da çəkilir”.

İcra başçısı Marneulidə yeni parklar salınacağını və əhalinin istirahəti üçün lazım olan şəraitin yaradılacağını bildirib. “Marneulidə Gürcüstanın müstəqilliyi naminə həlak olan şəhidlərin şərəfinə park salınır, kəndlərin işıq sistemi bərpa edilir. Biz artıq real işə keçmişik, yalanların sonu çatıb”, deyə P. Abramişvili qeyd edib.

Rayon icra başçısı bildirib ki, Marneuli kimi böyük bir şəhərdə kitabxana yoxdur. “Kitabxana uçurulandan sonra biz kitabların harada saxlanıldığını bilmirik və kitabxana sistemini yenidən bərpa etmək üçün işçilər  lazım olduğunu bəyan etmişik. Gələcəkdə gənclərlə işi daha da fəallaşdıracaq və rayon icra hakimiyyəti ilə gəncliyin inkişafı ilə məşğul olan QHT-lərlə əməkdaşlığımızı genişləndirəcək, idmanı inkişaf etdirəcək, şəhər stadionunu Gürcüstan İdman Nazirliyi ilə birgə bərpa edəcəyik. Biz eyni zamanda müxtəlif mədəni-kütləvi tədbirlər, poeziya gecələri planlaşdırırıq. Artıq “qalstuksuz görüşlərimiz” başlayıb. Problemlərimiz çoxdur. Lakin biz onları mərhələli şəkildə həyata keçiririk”.

Sonra Marneuli rayon icra hakimiyyətinin başçısı P. Abramişvili ziyalıların, QHT və  ictimaiyyət nümayəndələrinin suallarını cavablandırıb. Tədbirdə suallar verən siyasi partiya və QHT nümayəndələri kadr dəyişikliklərində bir sıra nöqsanlar olduğunu qeyd ediblər. Sual verən nümayəndələr məktəbəqədər müəssisələrin strategiyasının hazırlanması və inkişafı üçün müəyyən layihələr qəbul etmək məqsədi ilə müzakirələr aparılmağının vacib olduğunu icra başçısının nəzərinə çatdırıblar.

P. Abramişvili APA-ya açıqlamasında kadr məsələlərinə ciddi fikir verdiklərini bildirib. “Rayon icra hakimiyyətində bir neçə azərbaycanlı çalışır. Gələcəkdə biz kadrları müsabiqə yolu ilə işə götürəcəyik. Biz peşəkar və hazırlıqlı kadrlar istəyirik”. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604
avatar

Oxşar yazılar