2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi elan edilib. TQDK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ixtisas seçimi mayın 7-dən 12-dək davam edəcək.
İxtisas seçiminə 2015-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılacaq.
Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-yə qədər ixtisaslaşma kodunu göstərə bilərlər.
Xarici dil imtahanını ərəb və ya fars dili üzrə verən bakalavrlar «İxtisaslaşma seçimi cədvəli»nə əsasən, yalnız 38 saylı proqrama aid olan ixtisaslaşmaları və ya 46 saylı proqrama aid olan ixtisaslaşmaları seçə bilərlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Menecment (təhsilin təşkili və idarə olunması)" ixtisaslaşmasını yalnız Təhsil ixtisasları qrupunun ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş bakalavrlar seçə bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılacaq. AMEA-nın magistraturasının ixtisaslaşmalarını müsabiqə şərtini ödəməklə bərabər, 2015 ci il mayın 4-dən 8 dək AMEA-da müsahibədən keçərək “məqbul” qiymət almış bakalavrlar seçə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.