Los Anceles yəhudilərindən Azərbaycana dəstək
08 yanvar 2016 10:44 (UTC +04:00)

Los Anceles yəhudilərindən Azərbaycana dəstək

 

Yanvarın 5-də Los Ancelesin ən böyük və nüfuzlu yəhudi dini mərkəzlərindən olan Sinay Sinaqoqunda Azərbaycana dair geniş təqdimat keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Lent.az-a verilən məlumata görə, təqdimat ötən ilin sonlarında sözügedən sinaqoqun 50 nəfərlik nümayəndə heyətinin ölkəmizə etdiyi səfər barədə yəhudi icmasını məlumatlandırma məqsədi daşıyıb. Həmin səfər 2015-ci ilin 30 oktyabr - 4 noyabr tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Tədbiri giriş nitqi ilə açan Sinay Sinaqoqunun rəhbəri, “Newsweek” jurnalının sorğusuna görə ABŞ-ın ən nüfuzlu yəhudi din xadimi olan Ravvin Deyvid Uolpi (David Wolpe) Azərbaycanın ecazkar ölkə olduğunu vurğulayaraq, çoxəsrlik tolerantlıq ənənələrinə malik olan belə bir ölkə ilə tanış olmaq fürsətinin əvəzsiz olduğunu bildirib. O, Azərbaycanda səfərdə olduğu müddətdə ölkəmizin tərəqqisinə heyran olduğunu və bu gün dünyanın hətta bir çox inkişaf etmiş ölkələrindən fərqli olaraq, yəhudilərin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadığını, azad şəkildə öz dini etiqadlarına əməl edə bildiklərini qeyd edib.  

 

Daha sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, tarixən Azərbaycanda müxtəlif mədəniyyət və dinlərə böyük ehtiramla yanaşıldığını, tolerantlıq ənənələrinin qədim tarixə malik olduğunu qeyd edib. Baş konsul, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndiyini vurğulayıb. O, Sinay Sinaqoqunun nümayəndə heyətinin Azərbaycana səfərinin mühüm hadisə olduğunu söyləyərək, bu səfərin Azərbaycan ilə ABŞ-ın yəhudi icması arasında qarşılıqlı münasibətlərin inkişafına önəmli töhfə verdiyini bildirib.     

 

Sonra çıxış edən Sinay Sinaqoqunun idarə heyətinin üzvləri Keri Lerman (Cary Lerman), Ancela Məddahi (Angela Maddahi) və Eli Aliyeşmerni (Elie Alyeshmerni) ölkəmizdə müxtəlif dini icmalar arasında qarşılıqlı ehtirama əsaslanan münasibətlərlə yanaşı, Azərbaycan müsəlmanlarının malik olduğu tarixi ənənələrin də unikal olduğunu qeyd ediblər. Natiqlər  bildiriblər ki, hazırda dünyanın müxtəlif ölkələrində İslam məzhəbləri arasında qanlı toqquşmaların davam etməsinə baxmayaraq, Azərbaycanda müsəlmanlar arasında çox güclü qardaşlıq əlaqələri mövcuddur. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu və ardıcıl siyasətdən, ölkədə yaşayan müxtəlif dini icmalara göstərilən dövlət qayğısından bəhs edərək, belə bir səfərin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Natiqlər, Azərbaycan kimi mütərəqqi və tolerant bir ölkənin ABŞ-ın yəhudi icması tərəfindən daim və hərtərəfli dəstəklənməsinin olduqca vacib olduğunu dəfələrlə qeyd ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar