Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə I sinfə qəbul üzrə elektron ərizələrin qeydiyyatı mayın 31-də başa çatıb.
BŞTİ-dən APA-ya verilən məlumata görə, qaydalara əsasən, fevralın 22-dən mayın 31-dək davam edən proses çərçivəsində qeyd olunan ümumi təhsil müəssisələrinə 3 506 elektron sorğu yerləşdirilib.
Bu sorğulardan 227-si ərazi üzrə olduğu üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunublar. Müsabiqə üçün sorğuların sayı isə 3 279-dur.
İyunun 1-ə (saat 11:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az)vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üzrə 42 046 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 85 faizinə yaxın göstəricidir.