“Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili” mövzusunda “Türküstan” qəzetinin təşkil etdiyi, Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyi və “Lider Qadınlar” İctimai Birliyinin dəstəklədiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb.
Ötən gün Qafqaz İslam Ordusu tərəfindən Azərbaycanın düşmən işğalından qurtuluşunun 95-ci ildönümü münasibətlə Tarix Muzeyində keçirilən mərasimdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşkun, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Sadətdin Topukçu, millət vəkilləri Məlahət İbrahimqızı, Nizami Cəfərov, ziyalılar, tarixçilər, hərbçilər, media nümayəndələri qatılıb.
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd, Qafqaz İslam Ordusunun şanlı döyüş yolu, Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş Türk əsgərlərinin xatirəsini yad etmək, bu tarixi missiyanın Azərbaycanın müstəqilliyini qoruyub saxlamasında, bir dövlət kimi bərqərar olmasında rolu və çağdaş Azərbaycan-Türkiyə münasibətlərindəki təməl yeri haqda ictimaiyyətə ətraflı bilgi verməkdir.
Müsabiqədə münsiflər heyətinin müəyyənləşdirdiyi 5 jurnalist - Anar Yusifoğlu, Züleyxa Nadir, Nurlan Qələndərov, Sitarə Cabbarlı və Xalid Kazımov Türkiyənin önəmli turizm bölgələrindən olan Kappadokiyaya bir həftəlik istirahətə göndərilməklə mükafatlandırılıb.
Digər 5 qalibə - Ruslan Xəlil, Əli Zülfüqaroğlu, Mikayıl Həsənli, Mehman Həsən, Akif Şahverdiyev və Nizami Hüseynova isə diplom və hədiyyələr təqdim olunub.
Diplomları qaliblərə Türkiyə səfiri A.Coşkun, “Lider Qadınlar” İctimai Birliyinin sədri Məlahət İbrahimqızı və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal təqdim edib.
Qeyd edək ki, tanınmış jurnalist Anar Yusifoğluna mükafat qazandıran “Xilas missiyası, generalın ruhu, istiqlal ordusu...” adlı yazı Lent.az-da yayımlanıb: http://news.lent.az/news/132459