Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və iş axtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması üçün respublikanın bölgələrində əmək yarmarkalarını davam etdirir.
APA-nın cənub bürosunun məlumatına görə, növbəti belə yarmarka Lənkəranda Şəhər İcra Hakimiyyəti ilə rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə kömək etmək, boş qalan iş yerləri haqqında məlumat vermək, və işəgötürənlərlə iş axtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.
Yarmarkaya ümumilikdə 15 dövlət, 2-si qeyri dövlət, 2 –si isə xarici şirkət olmaqla 19 müəssisə tərəfindən 269 boş iş yeri çıxarılıb.
Günün sonunda başa çatan tədbirdə 693 nəfər iştirak etməklə 102 nəfər işsiz və iş axtaran vətəndaşa ixtisaslarına uyğun müvafiq iş yerlərinə göndərişlər verilib.
Daha 30 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.